...

Əfqanıstanda həlak olanların ailələrinə Prezident təqaüdünün təyin olunmasına başlanılıb

Cəmiyyət Materials 7 Yanvar 2015 10:43 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasına başlanıb.
Əfqanıstanda həlak olanların ailələrinə Prezident təqaüdünün təyin olunmasına başlanılıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il 11 avqust tarixli "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı cari il yanvarın 1-dən qüvvəyə minib.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən qeyd olunan hərbi qulluqçuların ailə üzvlərinin müraciətləri əsasında onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasına başlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir və onların sayına bərabər bölünməklə ödənilir. Respublikadan kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülə bilər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, sözügedən təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Müraciət edilərkən təqdim edilməli sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) "Fəaliyyət və xidmətlər" bölümünün "Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər" alt-bölümündə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti