15 Yanvar 2015-ci il tarixində Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi və Rusiyanın tanınmış şərab eksperti, Rusiya Somelyelər Assosiasiyasının üzvü, Sankt-Peterburq Somelyelər Assosiasiyasının prezidenti, Somelyelər müsabiqəsinin sədri və Somelyelər məktəbinin rəhbəri İqor Şarbatov arasında telekonfrans keçirilib.
Hotellər və Restoranlar Assosiasiyasının mətbuat xidmətinin yaydığı məlumata istinadən, danışıqlar çərçivəsində dünya şərabçılıq sənayesinin uğurlarından, Sankt-Peterburq Somelyelər Assosiasiyasının apardığı fəaliyyətdən, Azərbaycanda bu qədim ənənənin dirçəlişindən və bu istiqamətdə nəzərdə tutulan müştərək işlər haqqında müzakirələr aparılıb.
Eyni zamanda, ölkədə Somelye (fr. Sommelier) və Kavist (fr. Caviste) mütəxəssislərinin hazırlanması, şərab turlarının təşkili, ekspress-treninqlərin və master-klassların keçirilməsi, Azərbaycan şərablarının xarici bazarlarda təbliğatı və tanıdılması kimi mövzulara da toxunulub və bu istiqamətdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub.