...

Azərbaycanda tarixi bilən abituriyentlərin sayı azalır

Cəmiyyət Materials 14 Fevral 2015 12:20 (UTC +04:00)
Ali məktəblərə Azərbaycan bölməsi üzrə sənəd verən abituriyentlərin tarix fənni üzrə nəticələri hiss ediləcək qədər aşağı düşüb.
Azərbaycanda tarixi bilən abituriyentlərin sayı azalır

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Ali məktəblərə Azərbaycan bölməsi üzrə sənəd verən abituriyentlərin tarix fənni üzrə nəticələri hiss ediləcək qədər aşağı düşüb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Rus bölməsində isə ən aşağı nəticə I qrupda riyaziyyat, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub: "Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən ortastatistik abituriyentlər, əsasən, test tapşırıqlarının 23-29 faizinə düzgün cavab verir, 32-48 faizinə isə cavab verməkdən imtina edirlər".

Komissiyadan bildirilib ki, 2013-cü illə müqayisədə ötən il ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, ötən il tarix fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 36.35%-dən 31.01%-ə qədər aşağı düşüb.

Bununla yanaşı, 2013-cü illə müqayisədə ötən il riyaziyyat fənnindən yüksək qabiliyyətə malik abituriyentlərin ixtisas qruplarına olan meyilləri dəyişməyıb. Ancaq ötən il Azərbaycan bölməsi abituriyentləri arasında Azərbaycan dilindən yüksək qabiliyyətə malik abituriyentlərin nisbi sayı III ixtisas qrupunda azalıb (müvafiq olaraq 56.82%-dən 38.02%-ə qədər). Digər ixtisas qruplarında isə əksinə, belə abituriyentlərin nisbi sayı (I ixtisas qrupunda 14.54%-dən 23.85%-ə, II ixtisas qrupunda 17.84%-dən 21.62%-ə, IV ixtisas qrupunda 10.81%-dən 16.51%-ə qədər) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti