Azərbaycan, Bakı, 24 fevral /Trend/
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın regionlarında yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında davam etdirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış ümumilikdə 162 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağı səyyar protez-ortopedik xidmətə cəlb edib. Onlar yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri ilə təmin ediliblər. Bununla da həmin şəxslərin protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin olunmaq üçün paytaxt Bakıya gəlmələrinə artıq ehtiyac qalmayıb.
Məlumat üçün bildirək ki, 2013-cü ilin dekabr ayında ƏƏSMN-in müvafiq əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqadalar tərəfindən bu vaxta qədər respublikanın müxtəlif bölgələri üzrə 1726 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edilib.