Azərbaycan, Bakı, 18 mart /Trend/
Bu gün "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Dillər Universiteti (ADU) ilə birgə Azərbaycan Dillər Universitetinin Akt zalında Çanaqqala zəfərinin 100 illiyi münasibətilə tədbir keçirmişdir.
Tədbir Çanaqqala şəhidlərinin ruhunun bir dəqiqəlik sükutu ilə yad edilməklə başlanmış, mövzu ilə əlaqədar videoçarx göstərilmişdir.
Tədbiri açıq elan edən Azərbaycan Dillər Universitetinin Pedaqoji (ingilis dili, alman dili) fakültəsinin dekan müavini Namiq Əsədov Çanaqqala zəfərinin türk tarixindəki əhəmiyyətindən bəhs etmiş, daha sonra sözü Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimova vermişdir. Natiq çıxışında ulu öndər Heydər Əliyevin sözləri ilə başlayaraq "Azərbaycan Türkiyə bir millət iki dövlət" olduğunu, xalqlarımızın qardaşlığının tarixi kökünün daha da dərin olduğunu bildirmiş və Çanaqqala müharibələrində şəhid olan 3 mindən artıq Azərbaycan türkünün müasir gəncliyimizə nümunə olması gərəkdiyini qeyd etmişdir.
Tədbirin təşkilatçılarından "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov Çanaqqala zəfərinin Türk tarixinin qəhrəmanlıq salnaməsi olduğunu qeyd edərək Türk Dünyasının gəncliyinə əsil vətəpərvərlik örnəyi olduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfindən Çanaqqala zəfərinin 100-cü ildönümü münasibəti ilə əlaqədar olaraq Çanaqqala şəhərində 24 aprel 2015 tarixində yubiley keçiriləcəyini və dünya liderlərini bu tədbirə dəvət edildiyini bəyan etmişdir.
Azərbaycan Diilər Universitetinin Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxışında müasir Azərbaycan gəncliyinin vətənpərvərlik ruhundan, TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov I Dünya müharibəsində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən bəhs edən məruzə etmişlər.
Tədbirin sonunda iştirak edən tələbə-müəllim heyətinin suallarına cavab verilmişdir.