...

6 rayonda əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

Cəmiyyət Materials 3 Aprel 2015 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət səyyar tibbi-texniki briqada aprelin 8-də Balakən və Zaqatala, aprelin 9-da Qax və Şəki, aprelin 10-da isə Oğuz və Qəbələ rayonlarında olacaq. Həmin rayonlarda əlilliyi olan sakinlər və sağlamlıq imkanları məhdud uşaqlar səyyar formada protez-ortopedik bərpa xidməti, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər. Xidmət göstəriləcək şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb.

Xatırladaq ki, qeyd olunan səyyar tibbi-texniki briqada ƏƏSMN-in müvafiq əmrinə əsasən 2013-cü ilin sonlarında yaradılıb. Ötən müddətdə respublikanın müxtəlif rayonları üzrə 1850 nəfərə yaxın əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti