Azərbaycan, Bakı, 7 aprel /Trend/
Bu gün Nəqliyyat Nazirliyində TRACECA proqramı çərçivəsində yol hərəkətinin təhlükəsizliyi üzrə milli seminar öz işinə başlayıb.
Trend nazirliyin saytına istinadən məlumat verir ki, seminarı açan nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanın nəqliyyat-yol kompleksində görülmüş işlər, həyata keçirilən beynəlxalq və regional layihələr barədə ətraflı məlumat verib.
Seminarın keçirilməsində əsas məqsəd yol təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilat və qurumların nümayəndələri arasında təcrübə mübadiləsi və müzakirələrin aparılması, iştirakçıları yol təhlükəsizliyi üzrə müsbət nailiyyətlər əldə etmiş Belçika, Almaniya, İsveç, İngiltərə, Serbiya kimi dövlətlərin yanaşmaları ilə, eləcə də beynəlxalq təcrübə və xüsusən də Asiya və Sakit okean regionunda yol hərəkətinin təhlükəsizliyi üzrə müəyyən edilmiş proqramlarla tanış etməkdən ibarətdir.
Seminarda yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün effektli üsul və yanaşmalar, yol-nəqliyyat hadisələrinin miqyası və nəticələri, ölkələrin bu sahədə aktual problemləri, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün risk faktorları və sübutlu əsasların təhlili, risk faktorlarının aşkarlanması və aradan qaldırılması, uşaqlar üçün yol hərəkəti təhlükəsizliyinin təminatı məsələlərinin müzakirə olunması nəzərdə tutulub.
Əsas diqqətin iştirakçıların yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bilik və təcrübələrinin bölüşdürülməsinə və risk faktorlarının qarşısının alınması üçün təhlilin aparılmasına, vacib operativ tədbirlərin görülməsinə yönəldiyi seminarda TRACECA-nın hərəkətin təhlükəsizliyi sahəsində ekspertləri və mütəxəssisləri, Azərbaycan üzrə Milli Katibliyinin, Fövqəladə Hallar Nazirliyinin, Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin, həmçinin Nəqliyyat Nazirliyinin tabeli qurumları olan "Azəryolservis" ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) nümayəndələri, eləcə də sərnişin və yükdaşımalarla məşğul olan sahibkarlar iştirak edirlər.
Seminar aprelin 10-dək davam edəcək.