Azərbaycan, Bakı, 15 aprel /Trend/
Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə bu mövzuda rəsm müsabiqəsi keçirilib.
Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi birgə müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçiriblər.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin əsasının məhz Ümummilli Lider tərəfindən qoyulması ilə bağlı məlumatların şagirdlərə çatdırılmasından ibarətdir.
Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti çıxış edərək bildirib ki, rəsm müsabiqəsi bir daha şagirdlərimizin, gənclərimizin müasir və inkişaf edən Azərbaycanımızı necə təsəvvür etmələrini üzə çıxarır və onlar gələcəklə bağlı arzularını fırça ilə ifadə etmiş olurlar.
Sonra çəkilmiş rəsmlərə baxış keçirilib və müsabiqənin qalibləri müəyyənləşdirilib.
Müsabiqədə I, II və III yerlərin qalibləri mükafatlandırılıb və iştirakçılara həvəsləndirici diplomlar təqdim olunub.