Azərbaycan, Bakı, 22 aprel /Trend/
Azərbaycan Memarlıq və İnşaat Universitetində türk qoşunlarının qazandığı tarixi qələbənin 100-cü ildönümünə həsr edilmiş mərasim keçirilib.
"Çanaqqala zəfərinin 100 illik yubileyinin qeyd olunması eyni zamanda yalançı "erməni soyqırımı"nı yayanlara ən tutarlı, sanballı cavabdır. Türkiyənin Çanaqqala savaşında şəhid olmuş insanların şücaətləri əbədi dostluğumuza, qardaşlığımıza nümunədir". Bu sözlər türk qoşunlarının qazandığı tarixi qələbənin 100-cü ildönümünə həsr edilən tədbirdə səsləndirilib.
Çıxış edən univeristetin rektoru, professor Gülçöhrə Məmmədova Çanaqqala qələbəsini Türkiyə və Azərbaycan xalqlarının birgə zəfəri adlandırıb. Çanaqqala hadisələri bütün türk dünyasının qürur, iftixar yeridir. Bir əsr bundan əvvəl mərd, igid Azərbaycan oğulları Anadoluda, Çanaqqalada türk qardaşları ilə birləşərək, şücaət, qəhrəmanlıq göstəriblər.
Rektor bildirib ki, şəhid olanların sırasında Azərbaycanın 3 min nəfərdən çox oğul və qızını nəzərə alaraq, Çanaqqala qələbəsinin təkcə türkiyəlilərin deyil, azərbaycanlıların da zəfər bayramı olduğunu demək olar. Bu qələbə bir daha bütün dünyanın diqqətinə çatdırır ki, türklər öz ata-baba torpaqlarını qorumağı bacarır. Çanaqqala hadisəsi bütün türk xalqının öyünəsi, daima yada salası və gələcək nəsillərə ötürəsi bir hadisədir. Bu zəfər döyüşlərində şəhidlik, qəhrəmanlıq zirvəsinə ucalmış Azərbaycan övladlarının da əziz xatirəsini yad etmək, gənc nəslə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.