Azərbaycan, Bakı, 29 aprel /Trend/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə məktəblilər arasında inşa yazı və bədii qiraət müsabiqələri keçirilib.
22 aprel tarixində baş tutan "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda inşa-yazı müsabiqəsində 24 məktəbin nümayəndəsinin iştirak edib. Müsabiqəyə təqdim edilən inşa yazılarında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, Onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri, əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nailiyyətləri, müasir ölkəmizin sürətli inkişafı öz əksini tapıb.
Münsiflər heyətinin inşa yazılarını yoxlamasından sonra müsabiqənin qalibləri elan edilib. Beləliklə də, 10 saylı məktəbin şagirdi Abdullayeva Məhrubə Kamal qızı birinci, 129 saylı məktəbin təmsilçisi Mirzəzadə Nəzrin Niyazi qızı ikinci və 61 saylı məktəbin iştirakçısı Quluzadə Nigar Qulu qızı üçüncü yerin qalibləri olublar.
Aprel ayının 28-də isə rayon məktəblərinin VII-X sinif şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsində iştirakçılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş şeirlər səsləndiriblər. Münsiflər heyətinin qiymətləndirmələrinə görə, müsabiqənin qalibi 229 saylı orta məktəbin IX sinif şagirdi Ofelya Nəbiyeva "Azərbaycan" şeiri ilə olub. İkinci yeri 328 saylı məktəbin 10-cu sinif şagirdi Xədicə Mahmudova, 210 saylı məktəbin 9-cu sinif şagirdi Murad Həsənxanlı əldə edib. Üçüncü yeri isə 12 saylı məktəbin 1-ci sinif şagirdi İbrahim Əhmədov, 227 saylı məktəbin 9-cu sinif şagirdi Leyla Hüseynli və 214 saylı məktəbin 8-ci sinif şagirdi Əliməhəmməd Hüseynov bölüşdürüblər.
Müsabiqələrin yekununda qaliblərə medallar və diplomlar təqdim edilib, eyni zamanda, 3 iştirakçıya həvəsləndirici diplomlar verilib.