...

YAP Nizami rayon təşkilatının fəalları müharibə veteranları ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 8 May 2015 18:33 (UTC +04:00)
1941-1945-ci illər müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımların ən yüksəyi MDB üzrə Azərbaycanda qeydə alınıb.
YAP Nizami rayon təşkilatının fəalları müharibə veteranları ilə görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının fəalları müharibə veteranları ilə görüşüblər.

Partiya fəalları əvvəlcə rayonun ən yaşlı sakinlərindən olan Əliyev Allahverdi Əzizbala oğlunu bayram münasibətilə təbrik ediblər. 1912-ci il təvəllüdlü olan və mayor rütbəsi daşımış Allahverdi Əliyev 1941-ci ilin noyabr ayından Böyük Vətən müharibəsində iştirak edib.

Krım cəbhəsindən müharibəyə qatılan veteran partiya fəalları ilə söhbətində bəzi məqamları xatırlayaraq deyib ki, Ukrayna, Belorus, Polşa uğrunda gedən gərgin döyüşlərdə iştirak edib, hətta, Polşada 2500 faşistin əsir götürülməsində igidlik nümayiş etdirib.

Allahverdi Əliyev döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə dəfələrlə təltif olunub və bu gün onun sinəsindən 20 orden və medal asılıb.

Veteranın qələbənin 70 illik yubileyinin qeyd edildiyi ərəfədə ən böyük arzusunun Dağlıq Qarabağın Ermənistan işğalından azad olunması və vətəndaşlarımızın torpaqlarına qayıtması olduğunu bildirib.

12 nəvənin və 14 nəticənin sahibi olan müharibə veteranı həmçinin Prezident İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncamını yüksək qiymətləndirdiyini söyləyib.

Partiya fəalları 2-ci Ukrayna cəbhəsində başlamış Berlinədək döyüş yolu keçmiş, eyni zamanda, Rumıniyada, Çexoslovakiyada, Macarıstanda, Avstriyada gedən döyüşlərdə iştirak etmiş, igidliyinə görə 20-dən artıq medal və orden almış Tağıyev Cəmşid Tağı oğlu ilə də görüşüblər.

Laçın rayonu Veteranlar Şurasının sədri olan Cəmşid Tağıyev 1926-cı ildə anadan olub.

Müharibədə 1944-cü ildən iştirak etdiyini deyən veteran 700 faşistin əsir götürülməsi ilə yanaşı, Çexoslovakiyada onlarla faşistin birdən məhv edilməsi əməliyyatında şəxsi şücaət göstərib.

Veteran partiya fəalları ilə söhbəti zamanı dəfələrlə ümummilli lider Heydər Əliyevlə və Prezident İlham Əliyevlə görüşdüyünü bildirib. Hətta, Cəmşid Tağıyev mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışında da iştirak etdiyini qeyd edib.

Veteran bir daha onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Partiya fəalları da öz növbələrində məlumat veriblər ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin sosial siyasət proqramında Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsi xüsusi yer tutur. 2008-ci ilin sentyabrın 1-dən Böyük Vətən müharibəsi əlillərinə Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği 85%-ə yaxın artırılaraq I qrup əlillər üçün 90 manatdan 150 manata, II qrup əlillər üçün 70 manatdan 130 manata, III qrup əlillər üçün 50 manatdan 100 manata çatdırılıb. Təkcə ötən il bu şəxslərə ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin Böyük Vətən müharibəsi iştirakçılarına 2012-ci ilin iyulun 1-dən təyin olunaraq ödənilən Prezident təqaüdünün aylıq məbləği ötən dövrdə 81,8% artırılaraq 55 manatdan 100 manata çatdırılıb.

Bununla yanaşı, bildirilib ki, 1941-1945-ci illər müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımların ən yüksəyi MDB üzrə Azərbaycanda qeydə alınıb. Belə ki, Azərbaycan manatı ilə ifadə etsək, bu məbləğ Belarusda təxminən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat və s. təşkil edir.

Görüşlərdə Böyük Vətən müharibəsi veteranları gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması işlərində öz dəyərli səylərini bundan sonra da əsirgəməyəcəklərini, partiya fəalları isə onlarla fəxr etdiyini və qürur hissi keçirdiyini, öz dərin hörmət və ehtiramlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti