...

5 ayda 5 tona yaxın keyfiyyətsiz ərzaq malları məhv edilib

Cəmiyyət Materials 19 İyun 2015 15:15 (UTC +04:00)
İstehlakçıların hüquqlarının müdafiəsi tədbirləri davam etdirilir.
5 ayda 5 tona yaxın keyfiyyətsiz ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunması və bu sahədə xüsusi əhəmiyyət kəsb edən istehlakçıların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "Azərbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda növbəti konfrans iyunun 19-da Daşkəsəndə keçirilib. Tədbirdə 200-dən çox yaxın istehlakçı iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib, qurumun təşkilatçılığı, aidiyyəti qurumların, ictimai təşkilatların, sahibkarların, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən seminar və konfransların istehlakçı fəallığının artırılmasında əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Maarifləndirmə tədbirlərinin davamı olaraq, Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçıların hüquqlarına dair 18 adda 48 mindən çox ədəd buklet, 6 adda 2 minə ədəd yaddaş kitabçası hazırlanaraq paylanıb.

Bildirilib ki, maarifləndirmə tədbirləri ilə yanaşı, inzibati tədbirlər də həyata keçirilir. Belə ki, görülmüş tədbirlər nəticəsində 2015-ci ilin yanvar-may aylarında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 5 tona yaxın müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Konfransda Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunması barədə məruzələri dinlənilib, istehlakçı hüquqları, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində qanunvericiliyin tələbləri, eləcə də Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbir Dövlət Xidməti əməkdaşlarının istehlakçı hüquqlarına dair maarifləndirici mövzularda çıxışları ilə davam edib.

Konfransın sonunda istehlakçıların sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti