...

Bir həftə ərzində orada daş daş üstə qalmaz

Cəmiyyət Materials 19 İyul 2015 11:49 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının materialları Silahlı Qüvvələrin cəbhə bölgələrindəki hərbi hissələrində də dərindən öyrənilir və geniş təbliğ olunur.
Bir həftə ərzində orada daş daş üstə qalmaz

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının materialları Silahlı Qüvvələrin cəbhə bölgələrindəki hərbi hissələrində də dərindən öyrənilir və geniş təbliğ olunur.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ökə başçısının qətiyyətli və dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının böyük marağına səbəb olan tarixi nitqi düşmənlə təmas xəttində vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan əsgər və zabitlərimizin döyüş ruhunun daha da yüksəlməsinə səbəb olub. Həmin nitqdən sitatlar artıq plakat şəklində bölmələrin dayaq məntəqələrində, səngərlərdə döyüşçülərin başının üstündən asılıb.

Ali Baş Komandanın xüsusilə ordu quruculuğunun inkişafı, qazanılan uğurlar, yeni-yeni hərbi şəhərciklərin, bazaların tikilib istifadəyə verilməsi, təmiri, zabitlər üçün gözəl şəraitin yaradılması, silah-sursat, maddi-texniki təminatın daim diqqət mərkəzində saxlanılmasını yenə də önə çəkməsi, ən müasir silah, texnikalar alınması və bu gün Azərbaycan ordusunun dünya miqyasında güclü ordular sırasında olmasını böyük iftixar hissi ilə deməsi düşmənlə üz-üzə dayanan döyüşçülərimizin qələbəyə inamını daha da artırır.

Gərgin döyüş hazırlığı məşğələlərindən sonra toplaşan artilleriyaçılar Azərbaycan Prezidentinin nitqindən irəli gələn vəzifələrin yeni qüvvə, yeni həvəslə icrasına başlayıblar.

Tədbiri şəxsi heyətlə iş üzrə komandir müavini mayor Namiq Cavadov açaraq Prezident nitqinin xalqımızın və dövlətimizin həm siyasi, həm iqtisadi, həm də hərbi həyatında yeni bir mərhələnin başlanğıcından xəbər verdiyini bildirib.

Sürücü-mexanik, kiçik çavuş Fərman Fərmanzadə möhtərəm Prezidentimizin Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bir irəliləyiş olmadığı, məsələnin uzandıqca Ermənistanın daha çox tənəzzülə uğrayacağı barədə fikrini təsdiq edərək deyib ki, bizim ordumuz daha 90-cı illərin əvvəllərindəki pərakəndə ordu deyil. Bu ordu artıq bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe mütəşəkkil ordudur. Məzlum erməni xalqını uçuruma aparan Ermənistanın kriminal siyasi və hərbi rəhbərliyi nə qədər gec deyil, öz çirkin və məkrli niyyətlərindən əl çəkməlidir.

Əks təqdirdə möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bir həftə ərzində orada daş daş üstə qalmaz.

Biləsuvar rayonundan olan top komandiri, gizir Cəlil Əliyev fəxrlə bildirib ki, onun doğulduğu rayon vaxtilə kənd təsərrüfatı məhsullarının istehsalına görə sosializm yarışlarının qalibi olaraq respublikada məşhurlaşıb. İndi isə Biləsuvar rayonu Mübariz, Pərvin və digər qəhrəmanlarına görə tanınır. Gizir onu da vurğulayıb ki, əmisi oğlu Qarabağ döyüşlərində şəhid olarkən o uşaq imiş. Bu gün isə əmisi oğlu yaşındadır. İndi Cəlil Əliyev və bütün silahdaşları şəhidlərin intiqamını almağa tam hazırdırlar. Ali Baş Komandanın əmri kifayətdir ki, düşmənlərin layiqli dərsini versin və orada daşı daş üstə qoymasınlar.

Cəbhə bölgəsində təcrübə keçən kursantlar adından çıxış edən kursant Qismət Muradov isə bildirib ki, artıq onlar xüsusi təyinatlı təhsil müəssisələrimizin flaqmanı olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində lazımi biliklərə yiyələnmiş və burada da öz təcrübi biliklərini daha da artırmışlar. Cəbhə bölgəsindəki əsgər və zabitlərlə birlikdə onlar da Qarabağa zəfər yürüşünə müsəlləh əsgər kimi tam hazırdırlar.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidenti və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ordumuza daim diqqət və qayğı göstərildiyini, ordu quruculuğuna xüsusi önəm verildiyini bir daha tədbir iştirakçılarının nəzərinə çatdıraraq böyük əminliklə bildirib ki, Silahlı Qüvvələrimizin cəbhə bölgələrindəki hərbi hissələrinin də şəxsi heyəti döyüş əhval-ruhiyyəsi ilə yaşayır, onların vətənpərvərlik ruhu çox yüksəkdir və həqiqətən də onlar bir həftə ərzində Ermənistanda daşı daş üstə qoymamağa tam hazır və qadirdirlər.

Xəbər lenti

Xəbər lenti