Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 30 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 130 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün 2015-ci il avqustun 28-də elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması sentyabrın 26-da başa çatıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, müsabiqə üzrə 846 namizəd qeydiyyatdan keçib.
Ən çox namizədin qeydə alındığı dövlət orqanları Energetika Nazirliyi (286 nəfər), Nəqliyyat Nazirliyi (130 nəfər) və Bakı Ağır Cinayətlər Məhkəməsi (101 nəfər) olub.
Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Bakı şəhər Nəsimi Rayon Məhkəməsi üzrə (1 vakant yerə ortalama 44 nəfər) qeydə alınıb.
Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında "Test imtahanlarının qrafiki" bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.
Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Dövlət qulluğuna qəbul - Test imtahanı" sistemi haqqında məlumatın video təqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.
İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:
- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;
- qanunvericilik sahəsində - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.