...

Məzunlara BDU və Almaniyanın diplomları təqdim edilib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2015 12:53 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib.
Məzunlara BDU və Almaniyanın diplomları təqdim edilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına "ikili diplom" verilməsinə həsr olunmuş tədbir keçirilib.

BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Professor Exard Paxen yenidən BDU-da olmasından məmnunluğunu ifadə edərək, proqramın əhəmiyyəti barədə danışıb. O, məzunların ölkələrası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib, proqram çərçivəsində bu il BDU-nun daha 3 tələbəsinin Vürçburqda təhsilini davam etdirəcəklərini əlavə edib. E.Paxen universitetlə gələcək əməkdaşlıqdan, o cümlədən noyabr ayında BDU-da keçiriləcək birgə beynəlxalq konfransdan bəhs edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın həyata keçirilmə prosesindən, onun uğurlu nəticələri və indiyədək "ikili diplom" alan 12 məzundan 6 nəfərinin BDU-da tədrisə cəlb edildiyindən danışıb.

Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.
Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində Avropa hüququ ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Hazırda tədris ingilis və alman dillərində aparılır.

Alman tərəfi proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, almaniyalı professorlar BDU-da mühazirə oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilir və BDU bu qurumum keçən il həyata keçirdiyi qiymətləndirməsindən uğurla keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti