Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/
Aşura günündə məscidlərdə keçirilən qanvermə aksiyasında yığılan qanların artıq xroniki xəstələrə vurulmasına başlanıb. Bunu Trend-ə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
O bildirib ki, yığılmış qanlar 4 infeksiya üzrə yoxlanılır: "Yığılmış 5 min litr qan hamısı infeksiyalara görə yoxlanılmalıdır. Yoxlamalardan sonra nə qədər qanın yararsız olduğu məlum olacaq. Biz ilkin yoxlamalar aparmışıq. Daha dəqiq yoxlama Qan Bankında aparılacaq. Orada laboratoriya var, qanlar daha dəqiq yoxlanıldıqdan sonra istifadəyə buraxılacaq. Qanı yoxlamamış istifadəyə buraxmaq olmaz".
Z.Əlimirzəyeva Aşura günü qan verənlər arasında xəstələrin olması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: "Belə bir fakt qeydə alınmayıb. Əməkdaşlarımız Aşura günü qan verənlərin hamısını bir-bir yoxlayırdılar. Səhhətində problem olanların heç birindən qan götürülməyib. Gözündə ciddi problemi olan, şəkərli diabeti olan bir neçə xəstə var idi ki, qan vermək istəyirdilər. Amma biz buna mane olduq. Ona görə də belə məlumatlar əsassızdır".
Qeyd edək ki, Azərbaycanda hər il Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsinə uyğun olaraq Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.