Azərbaycan, Bakı, 28 oktyabr /Trend/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) imtiyazlı şəxslərin müalicəsi və protez-ortopedik xidmətlə təmin olunması üçün apardığı işlər 15 minədək insanı əhatə edib. Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir.
ƏƏSMN tərəfindən sosial cəhətdən həssas qruplara aid şəxslərlə bağlı aparılan işlərin mühüm bir istiqaməti də həmin insanların bərpa müalicəsinə və protez-ortopedik bərpa xidmətləri ilə təmin olunmasına yönəlib.
Bu istiqamətdə tədbirlərin davamı kimi, cari ilin ötən dövründə nazirliyin bərpa-müalicə müəssisələrində 5 min nəfərədək əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa bərpa müalicə xidməti, 7158 nəfər şəxsə protez-ortopedik bərpa xidməti göstərilib.
Nazirlik tərəfindən 245 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi, 53 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib. Bu dövrdə imtiyazlı şəxslərin müalicəsinin təşkili məqsədilə 2526 nəfər belə şəxsə sanatoriya-kurort putyovkası (yollayışı) verilib.
Ümumilikdə ƏƏSMN-nin cari ilin ötən dövründə imtiyazlı şəxslərin müalicəsi, protez-ortopedik xidmətlə təmin olunması sahəsində həyata keçiridiyi tədbirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz və ya 2835 nəfər çox (14 982 nəfər) insanı əhatə edib.