...

Azərbaycanda hotellər üçün yeni tələb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 23 Dekabr 2015 16:53 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşdırmadan keçməlidirlər.
Azərbaycanda hotellər üçün yeni tələb (ƏLAVƏ OLUNUB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda fəaliyyət göstərən bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşdırmadan keçməlidirlər.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazirin sözlərinə görə, artıq bununla bağlı təşəbbüs qaldırılıb.

Ə.Qarayev qeyd edib ki, sertifikatlaşdırma lisenziya deyil, lakin hər bir hotelin xidmət dərəcəsi müəyyənləşməlidir: "İki ulduzlu hotelin xidmətini göstərən hər hansı hotel divarının üstünə 5 ulduz yapışdırmamalıdır. Bu yolverilməzdir. Ona görə də sertifikatlaşdırma mütləq həyata keçiriləcək. Bu prosesə ictimai qurumlar da cəlb olunacaq".

Nazir bildirib ki, əgər hotellər qanun çərçivəsində bu prosesin məcburi olduğunu qəbul etsə, onda hər bir hotelin sertifikatlaşdırmadan keçmək vəzifə borcu olacaq: "Hotellər sertifikatlaşdırmadan keçməsə, bu, qanun pozuntusuna gətirib çıxaracaq. Buna uyğun da ölçülər götürüləcək".

Ə.Qarayev deyib ki, turizm sahəsində lisenziyalaşdırmanın ləğvi bu sahədə özbaşınalığa səbəb ola bilməz: "Qərara gəldik ki, lisenziyaların hazırkı dövrdə verilməsi bəlkə də müvafiq deyil, çünki turizm fəaliyyəti ilə sərbəst məşğul olmaq istəyənlər var. Lakin bu o demək deyil ki, bu sahə nəzarətsiz olacaq və orada özbaşınalıq hökm sürəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti