...

Səhhəti normallaşan Rüfət Səfərovun şikayətinə baxılacaq

Cəmiyyət Materials 21 Yanvar 2016 10:24 (UTC +04:00)

Bakı. Trend:

Barəsində həbs qətimkan tədbiri seçilmiş Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

R.Səfərovun vəkili Bəhruz Bayramovun Trend-ə verdiyi məlumata görə, R.Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayətinə Apellyasiya Məhkəməsində yanvarın 22-də baxılacaq. Prosesə hakim Ramazan Qocayev sədrlik edəcək.

Vəkilin sözlərinə görə, hazırda müvəkkilinin səhhətində ciddi problem yoxdur: "Rüfət Səfərov istintaq təcridxanasında qan təzyiqi ilə əlaqədar dərmanlar qəbul edir".

Sabiq müstəntiqlə bağlı istintaq hərəkətləri aparıldıqdan sonra o, yanvarın 16-da 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən Rüfət Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti