...

Səlim Müslümov: Əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması üçün 16 fərman və sərəncam imzalanıb (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2016 12:07 (UTC +04:00)

Bakı. Trend:

"Əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması məqsədilə son bir həftə ərzində Prezident İlham Əliyev tərəfindən 16 fərman və sərəncam imzalanıb".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Neftçala rayonunda 5 rayonun - Neftçala, Biləsuvar, Cəlilabad, Salyan və Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edərkən vurğulayıb.

Nazir bildirib ki, mövcud iqtisadi şəraitdə əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir: "Dövlət başçısı tərəfindən son bir həftə ərzində bu məqsədlə 16 Fərman və Sərəncam imzalanıb. Onlardan 6-sı məhz əmək pensiyasının baza hissəsinin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, 20 Yanvar əlillərinə, müharibə əlillərinə (o cümlədən Qarabağ müharibəsi əlillərinə), şəhid ailələrinə Prezident təqaüdlərinin, sosial müavinətlərin artırılmasını nəzərdə tutur və müvafiq təbəqələrdən olan 2,3 milyon nəfərə yaxın şəxsi əhatə edir. Digər 10 sərəncamla isə büdcə təşkilatlarında çalışanların əmək haqları artırılıb".

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq, bu günlərdə əmək pensiyalarının baza hissəsinin, müavinət və təqaüdlərin, əmək haqlarının artırılması üçün fərman və sərəncamların imzalanmasına görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin mənzil və reabilitasiya vasitələri ilə təmin olunması, bərpa müalicəsinə köməklik edilməsi, avtomobil növbəsinə dayanma üçün tibbi göstərişin verilməsi və s. məsələləri əhatə edib. Müraciətlər nazirliyin aidiyyəti üzrə məsul şəxsləri ilə birgə obyektiv şəkildə araşdırılaraq müvafiq tədbirlər görülüb.

Nazirin tapşırığına uyğun olaraq, müraciətlər əsasında iki nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib, ayrı-ayrı şəxslər bərpa müalicəsinə cəlb olunmaları üçün qeydiyyata götürülüb, bir qrup şəxsə isə məşğulluqlarının təmin olunması üçün münasib iş yerlərinə göndərişlər verilib.

Mənzillə təmin olunmaqla əlaqədar müraciətləri cavablandıran S.Müslümov bildirib ki, Prezident İlham Əliyev cari ildə də bütün sosial proqramların uğurla icra ediləcəyini bəyan edib: "Ötən il nazirlik tərəfindən 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni mənzil verilib, həmçinin 132 mənzilli yaşayış binası dövlət başçısının iştirakı ilə gözdən əlillərə təqdim olunub. Hazırda sakinlərini qəbul etdiyimiz Neftçala rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10, Cəlilabad rayonunda 8, Biləsuvar rayonunda 3 ədəd fərdi ev tikilir. Salyan rayonunda isə ötən ay 17 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan insanlara təqdim edilib".

Nazir qəbula gələn bir sıra vətəndaşların ailələrinin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması, əlillik müayinələrinin aparılması, iş tapmaqda çətinlik çəkən şəxslərin yeni peşələrə yiyələnmələri üçün peşə hazırlığı kurslarına cəlb edilmələri və s. barədə göstərişlər verib.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti