...

Komissiya sədri: Vulkan püskürən zaman alov 20 metrədək qalxıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 Yanvar 2016 10:06 (UTC +04:00)
Azərbaycanın Hacıqabul rayonunda püskürən vulkanla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq.
Komissiya sədri: Vulkan püskürən zaman alov 20 metrədək qalxıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 09:31-də yayımlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın Hacıqabul rayonunda püskürən vulkanla bağlı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, ilkin məlumatda Axtarma Paşalı vulkanın püskürdüyü bildirilsə də, onun yanındakı vulkan da püskürə bilər.

A.Əliyev qeyd edib ki, Axtarma Paşalı vulkanı 1-2 il bundan əvvəl püskürmüşdü. Onun yanındakı vulkan isə 15 ildir ki, püskürmür.

Qeyd edək ki, püskürmə bu gecə saat 03.00 radələrində qeydə alınıb və səhər saatlarına qədər davam edib. Vulkan Şirvan şəhərinin 35 km-liyində yerləşir. Odla müşayiət olunan vulkan 30-35 metr hündürlüyə qədər qalxıb, ətraf ərazilərdən aydın müşahidə olunub.

X X X

Haçıqabul rayon icra başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanov Trend-ə bildirib ki, vulkan püskürməsi Axtarma Paşalıda deyil, şimal tərəfdə yerləşən başqa bir vulkanda baş verib.

Onun sözlərinə görə, Haçıqabulun birinci Udulu kəndi ərazisindəki Kalaməddin dağında qeydə alınan vulkandakı ilk işartılar gecə saat 4 radələrində başlayıb. Vulkanda əsas partlayış isə səhər saat 7.30-da baş verib. Püskürmə zamanı alov 20 metrədək qalxıb. Vulkanın püskürdüyü ərazi 200 kvadrat metri əhatə edir. Hazırda vulkanda püskürmə davam edir, lakin proseslər zəifləyib.

S.Aslanov püskürən vulkanın 15-20 il bundan əvvəl püskürdüyünü də açıqlayıb. O, vulkanın lap yaxınlığında yaşayış məntəqələrinin olmadığını, bu baxımdan insanlar üçün təhlükə yaranmadığını da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti