...

Badamdarda açıq mikrofon təşkil edilib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2016 09:45 (UTC +04:00)

Bakı. Trend:

Badamdar qəsəbəsindəki 236 saylı orta məktəbdə Səbail rayon rəhbərliyi, rayonun hüquq-muhafizə orqanlarının, əlaqədar idarə və təşkilatların, qəsəbədəki təhsil, səhiyyə və digər müəssisələrin rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilib.

Səbail rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, sakinlərlə görüş formatında təşkil olunmuş yığıncaqda Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəsi Zaur Əliyev hazırda 27 minə yaxın sakinin yaşadığı, 3500 məcburi köçkünün məskunlaşdığı qəsəbədə ötən il görülən işlər barədə məlumat verərək bildirib ki, 2015-ci ildə qəsəbədə yeni İdman Kompleksinin tikintisi başa çatıb, hazırda Bakı Media Mərkəzinin, yeni Otel binasının, 3 ədəd yeni su anbarlarının tikintisi davam edir.

Ötən iln sonunda qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı təməlqoyma mərasimi keçirilmiş, Badamdar şossesində 2,2 km məsafədə yolun genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər başa çatdırılıb, qəsəbə sakinlərinin elektrik enerjisi, qaz və içməli su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülüb.

Keçən il qəsəbədəki 8 ünvanda çoxməttəbəli yaşayış binalarının fasadlarında təmir aparılmış, qəsəbədxili yollara 6380 kvadrat metr asfalt salınmış, 116 ünvanda su xətlərində baş vermiş qəzalar da aradan qaldırılıb, 28 ünvanda kanalizasiya quyuları təmir olunub, keçirilən ağacəkmə aksiyaları zamanı 7 min ədəd yeni ağac, 35 min ədəd dekorativ gül kolu, 5 min kvadrat metr sahədə qazon otu əkilmiş, əvvəl əkilmiş ağaclara qulluq göstərilib.

İcra nümayəndəsinin hesabatından sonra açıq mikrofon formatında qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib.

Qəsəbənin gələcək inkişafı, çoxmənzilli yaşayış binalarının istiliklə təminatı, dam örtüklərinin təmiri, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, qəsəbədə xəstəxana binasının tikintisinin yarımçıq qalması, ərzaq məhsullarının satış-yarmarkasının fəaliyyəti, nəqliyyatla yaranmış problemlər, "AzərSu" ASC tərəfindən qəsəbədə görülən işlərin ləng aparılması, qəsəbə nümayəndəliyi, bələdiyyənin, 144 saylı MİS-in işindəki nöqsanlar barədə müraciətlər dinlənilib, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün komissiya yaradılıb, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

20-dən çox çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənib.

Toplantıda çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısı Eldar Əzizov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə ətraflı məlumat verib. E.Əzizov ölkə başçısı tərəfindən Səbail rayonu və onun qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb, Badamdar qəsəbəsinin inkişaf perspektivlərinə toxunaraq bildirib ki, RİH tərəfindən qəsəbədə T.Məmmədov küçəsindəki həyətdə "Nümunəvi məhəllə" yaradılmasına başlanıb. Qəsəbədə su və kanalizasiya şəbəkəsini yenidənqurulması aparılır, bu da sakinlərin daimi su ilə təmin olunmasına imkan verəcək.

E.Əzizov çıxışında qəsəbə nümayəndəliyi, bələdiyyə, MİS və xidmətlərin rəhbərlərinə işlərində dönüş yaradılması üçün ciddi tapşırıqlar verərək qeyd edib: "İnsanlara yuxarıdan baxmaq olmaz. Hər bir vəzifəli şəxs vətəndaşların müraciətinə həssas yanaşmalıdır. Dövlət qulluqçusunun əsas vəzifəsi müraciətlərə biganə qalmamaq, onun həlli üçün səylərini əsirgəməməkdir. Bunu bizdən vəzifə borcumuz tələb edir. Bunu Prezident İlham Əliyev tələb edir. Buna görədə də bütün imkanlar səfərbər olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti