...

Azərbaycan dilinə daxil olan yeni terminlər toplanacaq

Cəmiyyət Materials 3 Fevral 2016 15:58 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda terminologiya sahəsi üzrə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, dilin terminologiya lüğət tərkibinin inkişaf etdirilməsi "Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan əsas məsələlərdən biridir.

S.Sadıqova qeyd edib ki, qloballaşma şəraitində dilə ən çox daxil olan yeni sözlər alınma terminlərdir. Bunların vahid nöqtədən koordinasiya edilməsi terminoloji cəhətdən mühüm məsələlərdən biridir: "Son dövrlərdə dilin lüğət tərkibinin zənginləşdirilməsində əsas baza terminologiya sahəsidir. Bu nəzərə alınaraq, eyni zamanda Dövlət Proqramına uyğun olaraq, Elmin İnkişafı Fonduna "Azərbaycan dilinin terminologiyasının formalaşması və dilin tərkibinin zənginləşdirilməsi yolları" adlı layihə təqdim edilib".

S.Sadıqova bildirib ki, bu layihəyə dilin lüğət tərkibinin inkişafı, onun zənginləşdirilməsi yolları istiqamətində nəzəri və praktik baxımdan öz həllini tapa bilən məsələlər daxil edilib: "Son dövrlərdə dilimizə bir çox yeni terminlər daxil edilib. Layihədə əsas məqsəd bu yeni terminləri toplamaq, onların lüğətini nəşr etmək, xüsusilə ictimai-siyasi, diplomatiya sahəsində olan terminoloji lüğətləri tərtib etmək, lüğətlərin tərtibi prinsiplərini hazırlamaq, nəzəri istiqamətdə onların yaranması yollarını müəyyənləşdirməkdir. Bu baxımdan layihə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində mühüm addımlardan biri hesab edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti