Bakı. Trend:
Qala qəsəbəsində yerləşən "Tullantıdan Sənətə" muzeyində məktəblilər üçün ustad dərsləri keçilərək lazımsız hesab olunan tullantı materiallardan müxtəlif əşyalar düzəltmək öyrədilib. Bu ustad dərsləri Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə "Təmiz Şəhər" ASC-in icra etdiyi "Təmiz Qala" layihəsi çərçivəsində təşkil olunub.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə dərslərin keçirilməsində məqsəd şagirdlərə tullantıların azaldılması və təkrar istifadəsi vərdişlərinin aşılanması, həmçinin lazımsız hesab edilən materiallardan yararlı və faydalı əşyalar hazırlanmasını və istifadəsinin mümkünlüyünü təbliğ etməkdir.
Şagirdlər dərs zamanı köhnə geyimlərdən, plastik alətlərdən, qablardan, disk və s. əşyalardan istifadə edərək marqlı əşyalar, heyvan fiqurları hazırladılar.
"Təmiz Qala" qəsəbədə bərk məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirilməsi üzrə həyata keçirilən nümunəvi pilot layihədir.
Layihə zamanı utilizasiya ilə yanaşı qəsəbədə daim müxtəlif formalı, fərqli yaş qruplarına və statusa sahib şəxslər arasında tullantıların idarə olunması ilə bağlı maarifləndirmə işləri aparılır. Mütəmadi olaraq adətən Qaladakı müxtəlif məktəblərdə keçirilən ustad dərsləri də maarifləndirmə fəaliyyətinin bir hissəsidir.
Budəfəki dərslərin keçirildiyi muzey də qeyri-adiliyi ilə seçilir. "Tullantıdan Sənətə" muzeyi də "Təmiz Qala" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə açılıb. Burada, Azərbaycandan və dünyanın onlarla başqa ölkəsindən olan sənətkarların tullantı materiallardan istifadə edərək hazırladığı 100-dək sənət əsəri nümayiş olunur. Hər il yerli və beynəlxalq rəssamların iştirakı ilə burada yeni sərgi keçirilir.