...

Daun sindromlu uşaqlardan çağırış: "Biz də hamı kimiyik!" (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 17:39 (UTC +04:00)
Nizami rayonunda 21 mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə yürüş təşkil edilib.
Daun sindromlu uşaqlardan çağırış: "Biz də hamı kimiyik!" (FOTO)

Bakı. Trend:

Nizami rayonunda 21 mart - Beynəlxalq Daun Sindromu Günü münasibətilə yürüş təşkil edilib

21 mart tarixi bütün dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd edilir. Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını alıb. Belə ki, martın 18-də Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə yürüş təşkil edilib.

Yürüşdə Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Qənirə Paşayeva, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuata açıqlamasında yürüşün əsas məqsədi barədə məlumat verən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin və "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin sədri Sevinc Abdullayeva dövlətimizin daun sindromlu insanlara göstərdiyi diqqət və qayğıdan danışıb.

"Hər il martın 21-i cütlüyün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq, bütün dünyada Beynəlxalq Daun Sindromu Günü kimi qeyd olunur. Bu ilin şüarı belədir: "Mənim dostlarım, mənim cəmiyyətim". Get-gedə böyüməkdə olan sevgi çəmbərimizə siz də qoşulun! Daun sindromlu uşaqları sevməyə çalışın demirəm, çünki onları tanıyandan sonra sevməmək mümkün deyil. Onları tanıyın, anlayın, hiss edin! Öz yeknəsəq həyatınızdan bir anlıq sıyrılıb onların rəngarəng, işıqlı dünyalarına boylanın. İnanın ki, əgər Günəş Uşaqların "möcüzələr diyarı"na bir dəfə daxil olsanız, daha heç vaxt tərk etmək istəməyəcəksiniz" - deyə Sevinc Abdullayeva əlavə edib.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Milli Məclisin deputatı Qənirə Paşayeva da fikirlərini bölüşərək bildiriblər ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, daun sindromlu şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər reallaşdırılır. Elə bu yürüşün təşkili də bir daha bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğının ifadəsidir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılır, bu sahəyə diqqət və qayğı günbəgün artır.

100-dən artıq daun sindromlu uşaqlar əllərində müxtəlif şüarlar yazılmış plakatlar və şəkillərlə Heydər bağı - park bulvar boyunca yürüş ediblər, şüarlar səsləndiriblər. Yürüşün sonunda əllərindəki şarları havaya uçurmaqla həmrəyliklərini ifadə ediblər.

Valideynlər də öz növbələrində göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilib. İctimai birliyə "Qayğı Uşaq Reabilitasiya Mərkəzi" və "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi" daxildir. Bakının Nizami rayonunda yerləşən "Qayğı" reabilitasiya mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı reabilitasiya tədbirləri də həyata keçirilir. "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi"ndə isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti