...

Gənclər Fondu 8-ci qrant müsabiqəsinə yekun vurub

Cəmiyyət Materials 8 Aprel 2016 18:36
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Gənclər Fondu 8-ci qrant müsabiqəsinə yekun vurub

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclasın gündəliyinə "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 24 fevral tarixli Sərəncamının icrası istiqamətində görüləcək işlər, 8-ci qrant müsabiqəsinin yekunları, beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına və maliyyə dəstəyinin göstərilməsi haqqında müqaviləyə dəyişikliklərin edilməsi, Fondun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili və s. məsələlər daxil edilib.

İclasa sədrlik edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Fondun Müşahidə Şurasının sədri Tahir Süleymanov bildirib ki, Avropa məkanında gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun təşəbbüsü ilə 2009-cu ildən etibarən hər il bir şəhər "Avropa gənclər paytaxtı" seçilir. İndiyədək bu titula Avropa İttifaqına üzv olan 7 ölkənin şəhərləri layiq görülüb. 2013-cü il noyabrın 21-də Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri "2016-cı il Avropa gənclər paytaxtı" elan edilib. Gəncə ilk şəhərdir ki, Avropa İttifaqına daxil olmayan ölkəni təmsil edir. Şübhəsiz, bu qərar qəbul edilərkən Azərbaycanda gənclər siyasəti sahəsində qazanılmış uğurlar, gənclər təşkilatlarımızın beynəlxalq gənclər hərəkatındakı yeri və rolu, ölkəmizin qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi və digər amillər nəzərə alınıb. Bu il Avropa gənclərinin diqqəti Gəncəyə yönələcək. Bu isə qədim şəhərimizi və onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycan ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaq.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Gəncənin nüfuzlu ada layiq görülməsini yüksək qiymətləndirərək, 2016-cı il fevralın 24-də "Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, müvafiq tədbirlərin keçirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə bir milyon manat ayrılıb, 9 nazirlik və 2 dövlət komitəsinin, habelə Gənclər Fondunun üzərinə konkret vəzifələr qoyulub. Fonda tövsiyə edilib ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun.

Bildirilib ki, Fond bir müddət öncə elan etdiyi 8-ci qrant müsabiqəsinin mövzuları sırasına Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə bağlı təşəbbüsləri də daxil edib. Müsabiqə müddətində Gəncədə təhsil, məşğulluq, könüllülük, sosial rifahın yüksəldilməsi, cəmiyyət həyatında fəal iştirak və digər istiqamətlər üzrə təşəbbüslərini reallaşdırmaq istəyən yüzlərlə gənc və gənclər təşkilatı Fonda çoxlu sayda layihə təqdim edib.

Müşahidə Şurasının üzvləri 8-ci qrant müsabiqəsinin yekunlarının müzakirəsi zamanı Gəncədə icrası nəzərdə tutulan layihələrə üstünlük verilməsinin məqsədəuyğun olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Gənclər Fondunun növbəti qrant müsabiqələrində də Gəncənin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə bağlı təşəbbüslər bütün kateqoriyalar üzrə prioritet olmalıdır.

Gündəlikdə duran ikinci məsələ - 8-ci qrant müsabiqəsi barədə məlumat verən T.Süleymanov bildirib ki, ötən il dekabrın 18-dən bu il yanvarın 15-dək Fonda "A" (gənclər təşkilatlarının yerli layihələri), "B" (gənclər təşkilatlarının beynəlxalq layihələri) və "C" (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1849 layihə təklifi daxil olub. Yanvarın ikinci yarısı və fevral ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya və rəylər hazırlanıb. Bakıda və regionlarda müraciət edən minədək şəxslə görüşlər keçirilib.

Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələrin hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib.

Aparılan müzakirələr nəticəsində "A" kateqoriyası üzrə 190 layihədən 144-nün, "B" kateqoriyası üzrə 17 layihədən 12-nin, "C" kateqoriyası üzrə 1642 layihədən 737-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 893 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 3 milyon 807 min 300 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub (layihələrin siyahısı 2016-cı il aprelin 11-də Fondun internet səhifəsində yerləşdiriləcək). Verilmiş yekun qərara əsasən, gənclər təşkilatlarının Gəncədə keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsi dəstəklənib. Həmin layihələrin icrası üçün 595 min 400 manat məbləğində vəsait ayrılıb.

İclasda "Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə"yə və "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları"na dəyişikliklərin layihələri müzakirəyə çıxarılıb.

Layihələri təqdim edən Fondun icraçı direktoru Fərhad Hacıyev və beynəlxalq əlaqələr və strateji planlaşdırma sektorunun müdiri Vüsalə Niftəliyeva bildiriblər ki, "Müqavilə" və "Qaydalar"da bəzi texniki məqamlar əksini tapmadığına görə, müraciətlərin dəyərləndirilməsində və resipiyentlərdən hesabatların qəbulunda müəyyən problemlər yaranır.

Bunları nəzərə alaraq, hər iki sənəddə bir sıra əlavə və dəyişikliklərin edilməsi təklif olunub. Təkliflər müzakirə olunduqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilib.

Gündəlikdə duran digər məsələ - Fondun fəaliyyətinin auditor yoxlaması barədə məlumat verən F.Hacıyev yoxlamanın təşkili üçün Müşahidə Şurasının qərarının tələb olunduğunu diqqətə çatdırıb.

Müşahidə Şurası üzvlərinin müzakirələrindən sonra, Fondun Nizamnaməsinə uyğun olaraq, 2016-cı ilin iyununda qurumun 2012-2015-ci illərdəki fəaliyyətinin auditor yoxlamasının təşkili barədə qərar qəbul olunub.

İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri - gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov, "Gənclərin İntellektual İnkişafına Yardım" İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, baş mühasib Elmar Talıblı və sektor müdiri Orxan Ərəbov iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti