...

Elmi innovasiya ilə məşğul olan müəssisələrin fəaliyyəti stimullaşdırılacaq

Cəmiyyət Materials 12 May 2016 10:36
Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması təklif edilir.
Elmi innovasiya ilə məşğul olan müəssisələrin fəaliyyəti stimullaşdırılacaq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması təklif edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu məsələ "Elm haqqında" qanun layihəsinin ikinci oxunuş üçün təkmilləşdirilmiş yeni variantına daxil edilib.

Layihədə elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri də müəyyənləşdirilib.

Layihəyə görə, milli innovasiya sisteminin formalaşdırılması və onun inkişafının strateji istiqamətlərinin müəyyən edilməsi, prioritetlər üzrə texnoloji inkişafa hədəflənən uzunmüddətli innovasiya proqramlarının hazırlanması və həyata keçirilməsi elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olacaq.

Layihədə qeyd edilir ki, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri innovasiya layihələrinin maliyyələşdirilməsi, investisiyaların cəlb edilməsi və təşviqi üzrə əlverişli şəraitin yaradılması və müvafiq təşkilatı işlərin görülməsidir.

Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.

Layihədə qeyd edilir ki, elmi innovasiya sahəsində dövlətin əsas vəzifələrindən biri elmi fəaliyyət sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün əlverişli investisiya mühitinin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericliklə müəyyən olunmuş qaydada güzəştlərin verilməsidir.

Qeyd edək ki, "Elm haqqında" qanun layihəsi I oxunuşda qəbul edilmişdi. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti