...

Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistlərin sayı kəskin artıb

Cəmiyyət Materials 23 May 2016 17:31 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib.
Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistlərin sayı kəskin artıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumatda deyilir. Belə ki, təkcə cari ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2.5 min nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur.

Bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.

Belə ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilmiş və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənmişdir.

2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Atlantis Holidays" MMC şirkəti arasında "Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında" müqavilə imzalanmış və həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildə etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görmüşdür. Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16.1% artım baş vermişdir. Bununla yanaşı qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olmuşdur.

Bununla yanaşı xatırladırıq ki, cari ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilmişdir. Bununla əlaqədar, yaxın zamanlarda sözügedən ölkələrdən də Azərbaycana gələcək turistlərin sayında artımın baş verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti