...

AZƏRTAC Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı olub (FOTO)

Cəmiyyət Materials 24 May 2016 13:17
Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Formula-1” Avropa Qran-pri yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
AZƏRTAC Bakı Şəhər Halqasının rəsmi media tərəfdaşı olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 24-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə "Formula-1" Avropa Qran-pri yarışının təşkilatçısı "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.

Sazişi Azərbaycanın gənclər və idman naziri və BŞH-nın sədri Azad Rəhimov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

AZƏRTAC ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəyə malikdir və "Formula-1" Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayır. İyunun 17-19-da keçiriləcək bu yarışın yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlər cəlb edilib. Agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunur, fotoları bütün dünyada yayılır. AZƏRTAC-ın saytında bu gündən etibarən "Formula-1" bölməsi yaradılacaq, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdiriləcək.

AZƏRTAC yarışlara hazırlıq prosesindən, bu çərçivədə təşkil olunan müxtəlif tədbirlərdən xəbərlər, reportajlar hazırlamaqla Qran-pri yarışını həm ölkə daxilində, həm də üzv olduğu informasiya alyansları və tərəfdaş olduğu agentliklər vasitəsilə beynəlxalq aləmdə geniş təbliğ edir.

Rəsmi media tərəfdaşlığına dair fikirlərini bölüşən gənclər və idman naziri Azad Rəhimov deyib: "Biz çox şadıq ki, bir əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə bu il ilk dəfə keçiriləcək "Formula-1" Avropa Qran-prisi haqqında geniş miqyasda məlumatlılığın artırılması sahəsində əməkdaşlıq edirik. Əldə olunan razılığa əsasən, AZƏRTAC ölkə daxilində və xaricdə malik olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək "Formula-1" yarışı barədə xəbərləri bütün dünyada yayacaq. Xüsusilə qeyd etmək istərdim ki, biz bu il Bakıda sadəcə möhtəşəm yarış keçirməyəcəyik, həmçinin bu yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstəyini göstərəcək AZƏRTAC-ın rəhbərliyinə və onun bütün kollektivinə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, həm Avropa Qran-prisinin, həm də Azərbaycanın bütün dünyada daha geniş səviyyədə tanıdılmasında bu əməkdaşlığın əvəzsiz rolu olacaq".

Tərəfdaşlıq sazişinin əhəmiyyətindən danışan AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib: "Dünya informasiya məkanında özünəməxsus yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün daha bir əlamətdar hadisə baş verir. Kollektivimiz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti ilə rəsmi media tərəfdaşlığına dair sazişin imzalanmasından məmnunluq duyur".

AZƏRTAC-ın mötəbər idman yarışlarının yüksək səviyyədə işıqlandırılması sahəsində zəngin təcrübəsinin və kifayət qədər peşəkar əməkdaşlarının olduğunu vurğulayan baş direktor A.Aslanov deyib: "Ötən il agentliyimiz dünya idman tarixində ilk dəfə keçirilən və rəsmi media tərəfdaşı olduğu birinci Avropa Oyunlarının istər ölkə daxilində, istərsə də dünyada yüksək səviyyədə işıqlandırılmasını təmin edib. AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan çox ölkənin xəbər agentlikləri vasitəsilə Bakıda keçiriləcək "Formula-1" yarışının da fəal təbliğatını aparır. Avropa Qran-prisinin informasiya təminatı üçün bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman yarışının təkcə Azərbaycanda deyil, bütün dünyada təbliğinə töhfəsini verməyə çalışacaq".

Sazişə əsasən, AZƏRTAC "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin tədbirlərinin işıqlandırılmasında üstünlüyə malik olacaq və eyni zamanda, yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının "Formula-1" üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq.

Sazişin imzalanması mərasimində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasında iştirak etmək üçün Bakıda qonaq olan Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev və Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti