...

Zirə Cümə məscidi kompleksinin inşası ilə Aydın Qurbanovun xeyirxah ənənələri davam edir (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 14:14 (UTC +04:00)
Yeni inşa olunan Zirə Cümə məscidi kompleksinin müqəddəs Ramazan ayında istifadəyə verilməsini sakinlər üçün gözəl hədiyyə hesab etmək olar.
Zirə Cümə məscidi kompleksinin inşası ilə Aydın Qurbanovun xeyirxah ənənələri davam edir (FOTO)

Bakı. Trend:

Yeni inşa olunan Zirə Cümə məscidi kompleksinin müqəddəs Ramazan ayında istifadəyə verilməsini sakinlər üçün gözəl hədiyyə hesab etmək olar. Bu həm də dini-mənəvi dəyərlərin qorunub saxlanılması baxımından əhəmiyyətli bir addımdır.

Aydın Qurbanov Fondu tərəfindən inşa olunan Zirə Cümə məscidi kompleksinin açılışında milli-mənəvi dəyərləri hər zaman diqqətdə saxlayan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak edərək burada yaradılan şəraitlə tanış olublar.

Həm qədim, həm də müasir tipli Zirə Cümə məscidi kompleksinin inşa tarixi də maraqlıdır. Bu dini məbədin tikintisi ideyası xeyriyyəçi fəaliyyəti ilə tanınan, Ümumrusiya Azərbaycan Konqresinin yaradıcılarından biri olan Aydın Qurbanovun ailəsindən gəlib. Uşaq evlərinə, əlillərə hərtərəfli kömək göstərən, təhsil və tibb sahələrinə xeyriyyə məqsədilə dəstək olan, bir sözlə, onun dəstəyinə və diqqətinə ehtiyacı olanlardan heç kimi unutmayan, onlara yardım göstərməkdən imtina etməyən Aydın Qurbanov hamıya kömək etməyə hazır idi.

Elə Aydın Qurbanovun Moskvanın və bütün Rusiyanın patriarxı 2-ci Aleksinin xahişi ilə öz şəxsi vəsaiti hesabına Bakıda Pravoslav Kafedral kilsəsinin (Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı) bərpa və yenidən qurulması işlərini də onun ən böyük xeyirxah əməllərindən hesab etmək olar. Həmin məbədin açılışında Aydın Qurbanovun xeyirxah əməllərinə yüksək qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak etmişdi.

Öz xeyirxah əməlləri ilə yaddaşlarda qalan Aydın Qurbanovun arzularından biri də Bakıda məscid tikdirmək olub. O, bu arzusunu reallaşdırmaq üçün Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral Kilsəsinin bərpası üzrə işlər başa çatdırılandan dərhal sonra Azərbaycanda məscid tikintisinə başlamağı planlaşdırırdı. Lakin təəssüf ki, xəstəlik onun bu niyyətini həyata keçirməsinə imkan vermir.

Bakıda məscidin tikilməsi üçün layihə hazırlansa da, Aydın Qurbanov dünyasını dəyişdiyindən ideya gerçəkləşməmiş - yarımçıq qalır.

Aydın Qurbanovun arzusunu yerinə yetirmək qərarına gələn ailəsi bir neçə il əvvəl yenidən bu layihənin həyata keçirilməsi üçün işlərə başlayır. Tikinti işləri iki ildən artıq davam edib və 2016-cı ildə yekunlaşıb.

Müasir hesab edilən bu məscidin tikilməsi üçün seçilən yerin də qədim tarixi var. Zirə Cümə məscidi kompleksinin yerində 1000 il əvvəl qədim bir ziyarətgah olub. XVIII əsrdə bu ziyarətgahın üstündə bir məscid tikilsə də, sonradan yararsız vəziyyətə düşən məscidin içərisinə daxil olmaq belə, çox təhlükəli, dini icmanın fəaliyyəti üçün şəraitsiz olub. Beləliklə, həmin qədim məscidin yerində yeni bir məscid tikilib.

Zirə Cümə məscidi fasad və interyerində lakonik formaların məxsus olduğu Şirvan-Abşeron memarlıq üslubunda inşa edilib.

Məcsid və onun ətrafı həm də qəsəbə sakinləri və qonaqlar üçün maraqlı, zövq almalı yerlərdən biri olacaq. Ətrafı abadlaşdırılmış və yaxın zamanlarda daha böyük yaşıllıq zonası salınacaq kompleksə gələnlər burada həm gəzə, həm də məscidin minarələrinə çıxaraq Zirənin çox gözəl mənzərəsini seyr edə biləcəklər. Bu məscidin faktiki olaraq Zirə qəsəbəsinin ictimai mərkəzinə çevriləcəyini hesab etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti