...

Baş mama-ginekoloq: Hamiləliklərin təqribən 30 faizi problemli olur

Cəmiyyət Materials 30 İyun 2016 12:30 (UTC +04:00)
Azərbaycanda hər il ərzində 150-170 min doğuş həyata keçirilir.
Baş mama-ginekoloq: Hamiləliklərin təqribən 30 faizi problemli olur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda hər il ərzində 150-170 min doğuş həyata keçirilir. Bütün hamiləliklərin 70-80 faizi normal fizioloji halda həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hamiləliklərin 20-30 minində kənara çıxmalar müşahidə olunur: "Azərbaycanda 70-80 faiz hamiləlik normal fizioloji halda həyata keçirilir. Bunun təqribən 30 faizi isə problemli olur. Bunun da əsas səbəbi odur ki, hamiləlikdən öncə müayinə olunmur, mütəxəssislərə müraciət etmirlər. Hamiləlik baş tutanda isə artıq gec olur. Daxili sematik xəstəlikər elə dərəcədə inkişaf edir ki, hamiləliyin sonunda onlara yardım göstərmək çətin olur. Əgər hamiləlik zamanı kənara çıxmalar müşahidə olunarsa, o, dərhal həkim göndərişi ilə müvafiq tibb müəssisələrinə göndərilməlidir. 1-ci səviyyəli doğuşlar adətən, normal fiziolji doğuşlar həyata keçirilir."

S.Məmmədova deyib ki, hepatitli və digər infeksiyon xəstəlikləri olan hamilələr Kliniki Tibbi Mərkəzə, dəri zöhrəvi xəstəlikləri olanlar ərazi üzrə doğum evlərinə, qida zəhərlənməsi halları ilə üzləşənlər Kliniki Tibbi Mərkəzə, vərəm və ağçiyər xəstələlikləri olanlar 2 saylı Doğum Evinə, böyrək problemi olan hamilələr 3 saylı Şəhər Kliniki Xəstəxanasına, ürək-damar, nevroloji, endokrinoloji, hematoloji xəstəlikləri olan hamilələr Respublika Klinik Xəstəxanasına yerləşdirilirlər.

S.Məmmədova qeyd edib ki, problemli hamiləlik adətən 25 yaşdan yuxarı olan xanımlarda baş verir: "Azərbaycanda nikaha girmək yaşı da dəyişib. Bu gün 25 yaşa qədər olan gənc xanımlarımız təhsil almağa və çalışmağa önəm verirlər. Onlarda bundan sonra ailə qurmaq istəyi olur. Lakin həmin yaş dövründə orqanizmdə müəyyən xəstəliklər inkişaf edir. Patoloji hamiləliyin olmasının birinci və ikinci, eləcə də sonrakı hamiləlik dövrünə təsadüf etməsi anlayışı yoxdur".

S.Məmmədova bildirib ki, antinetal dövrün aparılması qadın məsləhətxanalarının həkimləri tərəfindən həyata keçirilir. Qadın məsləhətxanalarının əsas vəzifələri hamilələrin sağlamlıq durumlarını 9 ay ərzində izləmək, vaxtında risk qrupuna aid olan xəstəlikləri aşkarlanmak və buna uyğun tədbirlər planının hazırlanmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti