Bakı. İlhamə İsabalayeva - Trend:
İmtahanların növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Müəyyən adamlar var ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) günahlandırmaq üçün fürsət gözləyir.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, TQDK Azərbaycanda bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək: "Müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər təqdim ediləcək".
M.Abbaszadənin sözlərinə görə, sonda hansı qərarın qəbul ediləcəyi bizdən asılı deyil: “Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırlar. Amma Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçinin, mütəxəssislərin maaşı olmayacaq. İmtahanların pullu olması isə iştirakçılarının sayının azalmasına heç bir təsir göstərməyəcək. Çünki burada da çox düşünülmüş qərarlar qəbul olunacaq. Sosial ədalət nəzərə alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı bir qiymət olacaq. Burada müxtəlif təkliflər olacaq. İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Bu ilin sonuna qədər TQDK-nın dövlət tərəfindən maliyyələşməsi var. Lakin yanvarın 1-dən bizim heç bir işimizlə bağlı maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq”.
M.Abbaszadə sonra deyib ki, TQDK dövlət icra orqanı idi və bura ildə 7 milyona yaxın büdcədən maliyyə ayrılırdı: "Bunun təxminən 2 milyonu idarənin saxlanılması, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Yeni bir qurum kimi Dövlət İmtahan Mərkəzinin isə dövlət tərəfindən maliyyələşdirilməyəcəyini deyən şura sədri bildirib ki, sifariş verilən işlərin pulunu sifarişçi ödəməlidir: “Məsələ ondadır ki, indiyə kimi aparılan imtahanlarda orta hesabla hər bir abituriyentə 25 manat dövlət pul xərcləyirdi. Bu təbii qəbul olunurdu, çünki dövlət bu pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də var idi. İmtahana yazılanlar arasından imtahana gəlməyəni də olurdu”.
M.Abbaszadə əlavə edib ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. Onun sözlərinə görə, dövlət tərəfindən sifariş verilən imtahanlar ancaq buraxılış imtahanlardır və biz bilirik ki, dövlət digər imtahanları maliyyələşdirməyəcək: "Dövlət imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formasa apara bilərik? Aparılan araşdırma nəticəsində məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manat, Türkiyənin ali məktəblərinə imtahanların qiyməti isə 50-60 dollardır. Bizim apardığımız imtahan isə dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki əsasən proqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı, kənardan proqram təminatını sifariş vermirdik. Ümumilikdə götürsək belə imtahanların qiyməti çox yüksəkdir. Dövlət təhsil sahəsində böyük işlər görür və neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. Yəqin ki, gələcəkdə də müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Sadəcə, müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər. Məsələ ilə bağlı şərh verənlər özləri öz sözlərinə cavabdehdirlər”.