...

Azərbaycan gimnastları: Bakıda Dünya Kubokunda yüksək səviyyədə çıxış etmək vacibdir (FOTO)

Cəmiyyət Materials 18 İyul 2016 18:54 (UTC +04:00)
Bakıda keçirilən Dünya Kubokunda yüksək səviyyədə çıxış nümayiş etdirmək çox vacibdir.
Azərbaycan gimnastları: Bakıda Dünya Kubokunda yüksək səviyyədə çıxış etmək vacibdir (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən Dünya Kubokunda yüksək səviyyədə çıxış nümayiş etdirmək çox vacibdir. Bunu Trend-ə Azərbaycanın bədii gimnastika üzrə milli qrup komandasının üzvləri deyib.

Gimnastlar qeyd edib ki, Dünya Kubokunun Bakıda keçirilməsi əhəmiyyətli hadisədir: “Biz xalçaya çıxan zaman yalnız sevinirik. Cari proqramla bu bizim sonuncu yarışmamızdır və ona görə də hər şeyi maksimum etməyə çalışırıq ki, çıxışlarımız yüksək səviyyədə keçsin. Ən başlıcası layiqli çıxış etməkdir ki, hər kəs, o cümlədən biz sevinək. Bizim bir çox uğurlu çıxışlarımız olub və hesab edirik ki, yenidən fərqlənə və maksimum çıxış edə bilərik”.

İdmançılar öz proqramları haqqında təəssüratlarını bölüşərkən bildiriblər ki, proqram kifayət qədər mürəkkəb, eyni zamanda maraqlı və çoşquludur: “Proqrama gəlincə, deyə bilərik ki, biz çox bəyənirik. Çıxışımız çox orijinaldır – lentlə samba musiqisi altında çıxış edirik. Düşünürük ki, bu, tamaşaçıların xoşuna gəlir. Halqalar və gürzlərlə çıxışlar da kifayət qədər çoşquludur. İnanırıq ki, çıxışlarımız tamaşaçıların xoşuna gələcək və zal fəal şəkildə bizi dəstəkləyəcək”.

Öz rəqibləri haqqında danışan gimnastlarımız bütün komandaların yüksək səviyyədə olduqlarını qeyd ediblər: “Hər hansı bir komandanı əsas rəqib adlandırmaq olmaz. Onlar hamısı kifayət qədər güclüdür. Qrup hərəkətləri zamanı hər şey baş verə bilər. Burada beş nəfər var və onlar hamısı fikirlərini və emosiyalarını toplamalı, maksimum səy göstərməlidirlər”.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Beləliklə, Bakı tamaşaçısı ilin əsas hadisəsi - Rio Olimpiya Oyunlarından iki həftə öncə dünyanın 20 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək üçün unikal imkan əldə edəcəklər.

Yarışların ilk iki günü 31 gimnast və 12 qrup hərəkətləri komandası medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaq. Kubokun son günü ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq.

Bu dəfə də bədii gimnastika həvəskarlarını quruluşu milli yığma komandanın baş məşqçisi Mariana Vasilevaya məxsus möhtəşəm açılış (22 iyul) mərasimi, həmçinin məşhur idmançılarla yanaşı, Azərbaycan gimnastikasının gələcəyi olan gənc gimnastların çıxışlarının da nümayiş olunacağı ənənəvi Qala-konsert (24 iyul) gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti