Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə ifadə verən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Xəyyam Camalov ötən il dekabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında "Müsəlman Birliyi" adlanan təşkilatın sədr müavini Elçin Qasımovun azadlığa buraxılması ilə bağlı bir qrup şəxsin aksiya keçirdiyini deyib: "Aksiyanın qarşısını alan zaman xəsarət almışam".
Prosesdə fasilə elan olunub. Proses günü ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.
F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.