Bakı. Samir Əli - Trend:
İsmayıllı rayonunun Lahıc qəsəbəsi ərazisində kütləvi müşahidə olunan həşərat karabid böcəklər fəsiləsinə aid kürəni Leystus (Leistus terminatus Hell.) böcək növüdür.
Trend-in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekpertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev məlumat verib. O bildirib ki, 3,5–6 mm, bədənin döş və qarıncıq hissələri qırmızımtıl-qəhvəyi, baş hissəsi isə qara rənglidir: “Onlara otluqlarda, mamır üzərində, kolluqlar və digər kölgəli və nəmli yerlərdə, daşların altında, qopmuş qabıq üzərində rast gəlinir. Əsasən alatoran vaxları aktivlik yüksək olur. Ədəbiyyat məlumatlarına görə, bu böcəklər termal su sahələri ətrafında daha sıx toplanırlar. Təbiətdə həşəratlar arasında az rast gəlinən qışı aktiv keçirmək qabiliyətinə malikdirlər”.
Onun sözlərinə görə, növün biologiyası haqqında məlumatlar az olsa da, böcək zoofaq və stratobiont (torpaq üzərində bitki qalıqlarının çürüntüləri altında) qidalanma tərzinə malik yırtıcıdır: “Əsasən quyruqayaqlılar kimi kiçik həşəratlarla qidalanırlar. Yəni kənd təsərrüfatı bitkilərinin zərərvericiləri deyillər və insan sağlamlığı üçün heç bir təhlükə daşımırlar. Hazırda böcəklərin müşahidə olunan kütləvi çoxalmalarının səbəbini müəyyənləşdirmək üçün bu bölgədə ətraflı araşdırma aparılmalıdır".