...

Qanlı Yanvar Azərbaycan xalqının ordu qarşısında sıravi vətəndaş duruşu idi

Cəmiyyət Materials 19 Yanvar 2017 14:00 (UTC +04:00)
20 Yanvar Azərbaycan tarixində tək faciə deyil, dövlətin istiqlal yolunun ilk zirvəsidir.
Qanlı Yanvar Azərbaycan xalqının ordu qarşısında sıravi vətəndaş duruşu idi

Bakı. Trend:

20 Yanvar Azərbaycan tarixində tək faciə deyil, dövlətin istiqlal yolunun ilk zirvəsidir. Xalqımızın milli məfkurəsinin azadlıq istəyinin oyanış günüdür. 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan, ictimai-siyasi vəziyyəti heç də yaxşı bir vəziyyətdə olmayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bu tarix həm də kimin kim olduğunu, Azərbaycana qarşı münasibətin həqiqətlər fonunda necə olduğunu tam şəkildə sübut edən növbəti sınaq imtahanı idi. Cəsarət nümayiş etdirən xalqımız bu imtahanda ən yüksək əzmin nə olduğunu, əli yalın silahlıların qarşısında azadlıq dirənişinin nə olduğunu sübut etmək üçün meydanlarda idi. Qanlı Yanvar Azərbaycan xalqının ordu qarşısında sıravi vətəndaş duruşu idi. Nə ordular, nə silahlar, nə qanlar var idi bu gündə.

Bakıda baş verən hadisələr sovet rəhbərliyinin Azərbaycan ictimai-siyasi vəziyyətinin ən çətin dövründə, hələ o zaman Qarabağdakı erməni təcavüzü ilə çəkişən xalqın daxilində ən böyük qarışıqlıq yaranması iddiasına çevrilmişdi. Sovetlər tərkibində olan bir neçə ölkəyə qarşı oynanılan oyunun Azərbaycan planına çevrilmişdi. Bu hadisələr fonunda Azərbaycanın ərazi iddiasından çəkinməyən Ermənistanla mübarizə aparacağı, yoxsa Bakıda baş verən hadisələri səngitmək istəyini müəyyənləşdirmək çox çətin idi. Sovet rəhbərliyinin daxilində formalaşdırdığı xüsusi təyinatlı erməni təcavüzkarlarından ibarət heyəti, zabitləri, gizirləri, kursantları bu hadisənin törədilməsi birbaşa məsul şəxslər seçilmişdi. Keçmiş SSRİ baş bilənləri bu kimi cinayətkarlıq üsullarından istifadə edərək 1990-ci ilin yanvarın 19-dan 20-nə keçən gecə qanların tökülməsinə, insanlara qarşı cinayətlərin törədilməsi, 3 mərhələli xüsusi planın işə düşməsinə nail ola bilmişdi.

Belə bir çətin vəziyyətdə, Azərbaycanın informasiya müharibəsində də çox geri qalması, lazımı orqanlara, insan hüquqlarını müdafiə edən təşkilatlara həqiqətin nə olduğuna dair informasiyanın çatması əl çatmaz idi. İlk münasibət göstərən qardaş Türkiyədən başqa həmin zaman kəsiyində heç kim baş verən hadisələri lazımı müstəvidə qiymətləndirmək gücünə malik ola bilməmişdir. Qərb ölkələrinin mövqeyi ancaq baş verən hadisələri subyektiv maraqlar üzərində qurması, hadisəyə münasibətləri obyektiv olan heç bir reallığı əks etdirə bilmirdi. Danışan radiolar, dərc olunan qəzetlər “Bu kimi hadisələr baş verməməlidir” kimi ümumi fikirləri özündə birləşdirə bilirdi. Bəzi mətbuat orqanları bu hadisəni yeniqurma kimi dəyərləndirir, qan axıdılmasını zəruri hesab edirdi. Qərb hər zamanki kimi, öz maraq dairəsinə daxil olmayan hadisələrdə riyakarlığı ilə seçilirdi. Nəticə isə bu idi, dünya mətbuatı ilə düzgün əlaqəni formalaşdıra bilməyən Azərbaycan dövləti hadisələrin yalnış formadan dünya ictimaiyyətinə çatdırılmasına hec cür müdaxilə edə bilmirdi. Belə ki, “Nyu-york Tayms”, “Vaşinqton Post” kimi milyonlarla oxuyucusu olan böyük mətbuat orqanları Bakıda baş verən qanlı cinayətə laqeyd münasibət bəsləmişdir.

Bakıda baş verən hadisələr zamanı, umummilli lider Heydər Əliyev bütün ona qarşı olan təzyiqlərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələ bildi. SSRİ tərəfindən insanlığa qarşı törədilmiş cinayəti ittiham edərək müxtəlif bəyanatlarla çıxış edə bildi. Çıxışın, səsləndirilən fikirlərin Bakıda olması bəlkə də o qədər çətin görünməzdi, amma Moskva kimi siyasət mərkəzində həmin zaman kəsiyində ittiham dolu bəyanatların səsləndirilməsi zamanında çox böyük cəsarət tələb edirdi. Məhz bunun səbəbi idi ki, hakimiyyətə gəlişindən sonra 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı törədilmiş cinayətə, qanlı yanvara hüquqi-siyasi müstəvidə qiymət verilə bildi. 1994-cü ilin martın 29-da Milli Məclisdə qəbul olunan qərarda, tam hüquqi-siyasi qiymət verilməsinin də ideya müəllifi Heydər Əliyev idi.

"Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Bu gün Azərbaycanın böyüklüyü şəhərlərinin sayının çoxluğunda, ərazisinin geniş olmasında, ya da neft və qazında deyil. Bizim böyüklüyümüz milli iradəmizdədir. Bu gün Azərbaycanda yetişən gənc nəsil, onun istənilən yükünün çiyinlərində daşınması, onun milli-mənəvi dəyərlərinin qorunması üçün hər gün dayanmadan çalışır. Ölkə başçısı İlham Əliyev tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi planında da məhz bu dayanır ki, biz gənclər bu gün Azərbaycanı 27 il bundan öncə olan boşluqları, çatışmamazlıqları ilə qəbul edib, sabahımızda daha çevik, daha dinamik, dövrün tələblərinə uyğun formada yetişməyə qadir olmalıyıq.

Bu gün gənclər dünyada baş verən hadisələr fonundan informasiya müharibəsi içərisindədirlər. Belə ki, gənclərin qorumaq istədiyi böyük Azərbaycan obrazında, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası dayanır. Gənclər bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində artıq öz yerini müəyyənləşdirib. Azərbaycan ordusu və onun sıralarında cəmləşən gənclər bu gün Ali Baş Komandanın istənilən tapşırığını, istənilən zaman yerinə yetirməyə qadirdir. Azərbaycanın ordu potensialı, onun gənclərinin şücaətinin nümunələrindən ən barizi 2-5 aprel 2016-cı ildə bizim göstərdiyimiz sübutdur. Gənclər bu həqiqətləri unutmur, Azərbaycan əsgərinin qanı olan hər bir qarış torpağımız üçün iddialıdır. Gün gələcək şanlı Azərbaycanın bayrağını Şuşada, Xankəndində, işğal altında torpaqlarımızda dalğalandıracağıq. Həmin tarix uzaq deyil…

Məqalədə:
Xəbər lenti

Xəbər lenti