Bakı. Trend:
UNEC-də “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi ilə UNEC-in birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.
UNEC-un rektoru, professor Ədalət Muradov SABAH qruplarının Azərbaycanın ali təhsil sistemində insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən bir model olduğunu bildirib. Konfransın AXC-nin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayan rektor cümhuriyyət dövrünün bütün sahələrinin məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə geniş tədqiq olunduğunu bildirib. Ə.Muradov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın bu proseslərə xüsusi təkan verdiyini diqqətə çatdırıb.
Davamlı iqtisadi inkişafın iqtisadçılar arasında ən çox müzakirə edilən mözvu olduğunu bildirən rektor, liberal bazar iqtisadiyyatında dünya ÜDM artımının yaratdığı problem və həlli yollarından danışıb. Davamlı inkişafı müəyyən edən vahid göstəricinin olmamasının iqtisadçılar qarşısında duran ən mühüm vəzifələrdən biri olduğuna diqqət çəkən rektor, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən söz açıb. BMT-nin hesablamalarına görə, davamlı inkişafla bağlı maliyyə kəsirlərinin mövcudluğunu vurğulayan rektor, problemin həlli üçün özəl investisiyaların yatırılmasına əlverişli mühitin yaradılması, eyni zamanda investorları maraqlandıran davamlı inkişafa yönəlik təkliflərə ehtiyac olduğunu vurğulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünün dövlət səviyyəsində qeyd edilməsinin əhəmiyyətindən danışıb. Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsinin dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olduğuna diqqət çəkən F.Qurbanov bu sahədə əldə olunan uğurlardan söz açıb, bir çox göstəricilər üzrə Azərbaycanda davamlı inkişafın təmin edildiyini bildirib. O, insan kapitalının davamlı inkişafın təmin olunmasında mühüm rol oynadığını bildirib. F.Qurbanov yeni təhsil modellərinin yaranmasının zəruriliyini vurğulayaraq təhsilin İnkişafına dair Dövlət Strategiyasında qeyd olunan məqsədlərin SABAH qrupları layihəsinin fəaliyyətində əks olunduğunu bildirib.
SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə UNEC SABAH qruplarının tələbələrinin uğurlarından danışıb. UNEC-in SABAH qruplarının ilk məzunlarının 56 faizinin yerli və xarici universitetlərdə magistraturaya qəbul olunduğuna diqqət çəkən Ş.Seyidov bunun yüksək göstərici olduğunu vurğulayıb. O, UNEC-in tələbələrinin beynəlxalq proqramlar, biznes layihələri və intellektual yarılarda fəal iştirak etdiyini bildirib.
Konfransda UNEC-in SABAH qruplarının gənc müəllimləri Aqil Əzizov və Qənirə İbrahimova “SDG in Azerbaijan”, IV kurs tələbəsi İlkin Rüstəmzadə isə “İmpact of institutions on economic behaviour” movzularında çıxış ediblər.
Konfrans işini plenar iclaslarda davam etdirib.