...

Dərsdə ağlayan birincilər - Səbəbini psixoloq izah edir

Cəmiyyət Materials 17 Sentyabr 2018 16:57 (UTC +04:00)
Yeni dərs ilinin ilk günündə parta arxasına oturdulan bəzi 1-ci sinif şagirdlərinin ağlaması böyüklərə bir qədər maraqlı, hətta məzəli görünür.
Dərsdə ağlayan birincilər - Səbəbini psixoloq izah edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni dərs ilinin ilk günündə parta arxasına oturdulan bəzi 1-ci sinif şagirdlərinin ağlaması böyüklərə bir qədər maraqlı, hətta məzəli görünür.

Sonradan həmin günü xatırladan şəkillərə baxdıqda da gülümsəmədən keçmək mümkün deyil. Lakin məktəb partası arxasında ilk dəfə əyləşən uşaqların bu cür davranışı kənardakılara nə qədər əyləncəli gəlsə də, onların özü üçün həmin gün həyatın stress dolu bir səhifəsinə çevrilir. Bu göz yaşlarının arxasında balacaların keçirdiyi qorxu, həyəcan, özünə inamsızlıq, qapalılıq dayanır. Anasından ayrılaraq parta arxasına oturdulan və özlərini tənha hiss edən belə uşaqların həmin vaxt yeganə arzusu tezliklə sinif otağından, məktəb mühitindən ayrılmaq və anasına qovuşmaq olur.

Uşaqların ilk dəfə sinfə göz yaşı ilə daxil olmaması üçün ən böyük vəzifə valideynlərin üzərinə düşür.

Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı Trend-ə bildirib ki, uşaqların dərs ilinə psixoloji hazırlıq səviyyəsi ailədə pedaqoji prosesə yaradılan münasibətdən asılıdır: “Məktəb uşağa nə üçün lazımdır? Təhsil almaq, elmli olmaq, həyat üçün gərəkli bilikləri qazanmaq üçün. Lakin valideynlərin yol verdikləri bəzi nöqsanlar uşaqlarda məktəbə qarşı mənfi hisslər yaradır”.

E.Baxışlı bildirib ki, uşaqlar 4 yaşından etibarən hesablamaya və yazıya qədərki hazırlıq mərhələsini keçməlidirlər. Lakin bu pedaqoji mühit uşaqlar üçün oyun xarakteri almalıdır. Valideynlərin çox zaman bunu məcburi bir məşğuliyyətə çevirməsi, uşaqların həddindən artıq yüklənməsi, masa arxasında çox oturdulması, yazıya erkən başladılması uşaqlarda oxumağa, məktəbə qarşı mənfi hisslər yaradır: “Buna görə də uşaqlar oxumağı əziyyət kimi görürlər. Düz yazmadıqda valideynin qışqırması və ya vurması isə uşaqlarda qorxu hissi yaradır. Həmçinin dəcəl, sözə qulaq asmayan uşaqları müəllimlə, məktəblə qorxutmaq uşaqlara pis təsir edir”.

Psixoloq bunların aradan qaldırılması yollarını da açıqlayıb.

O bildirib ki, uşaqların pedaqoji fəaliyyətə yönləndirilməsi və hazırlığı oyun xarakterli və həvəsləndirmələrlə keçirilməlidir: “Bu həvəsləndirmə “oxu, yaz, senə telefon, pul verəcəyəm” şəklində yox, “Oxu, yaz sonra birlikdə piroq hazırlayaq və ya bir oyun oynayarıq” kimi formalarda olmalıdır. Uşağı əvvəlcədən məktəblə, müəllimi ilə tanış etmək lazımdır. Onların məktəbə hazırlıq fəaliyyətində birgə işlərini təmin etmək yaxşı olar”.

Mütəxəssis qeyd edib ki, uşaqla evdə məktəb oyununu da keçirtmək, bu oyun zamanı ona müəllim və şagird rollarını ifa etməyi təklif etmək olar. Bununla yanaşı, uşağa məktəb haqqında, məktəbdən qorxan uşaqlar haqqında hekayələr oxumaq, bu mövzunu müzakirə etmək lazımdır. Uşağa müəllim seçərkən ünsiyyətcil, səbrli və uşaqların şəxsiyyətinə dəyər verən müəllimlər seçilməlidir: ”Bəzi uşaqlar ana ilə çox vaxt keçirir, tək uşaq olur və bağçaya getmir. Belə uşaqlarda anadan uzaq qalmaq, ananı itirmək qorxusu olur. Onlar məktəbə hazırlıq dövründən etibarən anaları ilə oturur və sonra müəllimə güvəndikcə rahat məktəbə gedirlər. Bəzi uşaqlarda isə elə olur ki, onlar 1-ci sinfə rahat getsələr də, sonra sinifdə ya uşaqların sərt davranışından, ya da müəllimin sərt, tələbkar olmasından qorxurlar. Anaları belə davranışlardan qorxan övladlarına çox himayə göstərdikdə onların qorxularını dəstəkləmiş olurlar. Uşaq evdə rahat qalır, oyun oynayır, istədiyi vaxt dərslərini oxumur, çox yatır və məktəbə getmək marağı olmur”.

E.Baxışlı qeyd edib ki, bu cür uşaqların ailəsi və müəllim arasında qarşılıqlı əməkdaşlıq olmalıdır. Bu uşaqlar qarşısında ailənin tələbləri olmalı və məktəb mühiti, oranın işçiləri uşağın özünün “təhlükəsiz”, qorxusuz hiss etməsinə əminlik yaratmalıdırlar: “Uşaq məktəbi, oradakı şagirdləri və müəllimləri qorxu və təhlükə obyekti kimi görməməlidir. Uşaq o mühiti sevməli, orada rahat inkişaf etməli və dostluq münasibətləri qurmağı öyrənməli, bir sözlə sosiallaşmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti