...

“Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2018 17:16 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib.
“Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş “Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə iştirakçılar M.Hüseynzadənin muzeyin zəngin fondlarında mühafizə olunan şəxsi əşyaları ilə tanış olublar.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.

“Mixaylo”nun İkinci Dünya Müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik bildirib ki, M.Hüseynzadə Azərbaycan tarixinə öz cəsarəti və qələmi ilə gəlmiş bir insan olub.

N.Vəlixanlı M.Hüseynzadənin qəhrəmanlığı haqqında əsərlərin yaradıldığını, onun haqqında film çəkildiyini, onlarla məqalələr yazıldığını qeyd edib.

O əlavə edib ki, Muzeyin fondlarında M.Hüseynzadəyə məxsus eksponatlar qorunur və nümayiş etdirilir. M.Hüseynzadəyə aid saxlanılan əşyalar muzeyin ən qiymətli kolleksiyalarından biri hesab oluna bilər.

N.Vəlixanlı bu gün nümayiş olunan əşyaların bir qisminin M.Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilən zaman muzeyə təhvil verildiyini xatırladıb.

Onun sözlərinə görə, həmin əşyaların arasında M.Hüseynzadənin gödəkçəsi, çəkdiyi şəkillər, fırçası, Mehdiyə məxsus sənədlər olub.

Muzey direktoru əlavə edib ki, M.Hüseynzadənin bəzi şəkilləri, sənədləri Mehdinin dostu tərəfindən onun bacısna verilib. Mehdinin bacısı isə həmin əşya və sənədləri muzeyə təqdim edib.

Akademik qeyd edib ki, M.Hüseynzadə həm öz qəhrəmanlığı ilə, həm də yaratdığı rəsm əsərləri ilə Azərbaycan xalqının yaddaşında özünə əbədi ad qazanıb. Azərbaycan ədəbiyyatında, publisistikasında, incəsənətində M.Hüseynzadənin adı daim təbliğ edilib:

“Hamımıza məlumdur ki, müharibə qəhrəmanları çox olur, lakin Mehdi kimi qəhrəmanlar azdır. O, hamımızın xatirəsində yaşayacaq və öz əməlləri ilə bütün vətəndaşlarımıza örnək olacaq”.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, rəssamlıq təhsili də alan M.Hüseynzadə yüksək keyfiyyətlərə malik bir insan olub.

M.Hüseynzadənin əsirlik həyatından, keçdiyi döyüş yolundan bəhs edən Ş.Hacıyev onun özünü döyüş meydanında əsl qəhrəman kimi göstərdiyini vurğulayıb. O, yetişməkdə olan gənc nəsli Mehdi kimi qəhrəmanlardan nümunə götürməyə dəvət edib.

Deputat Azərbaycan dövlətinin veteranlara, şəhid ailələrinə göstərdiyi qayğıdan da danışıb.

Daha sonra Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Mehdi Hüseynzadənin Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında mühafizə olunan rəsm əsərləri, qəhrəmanın incəsənət duyumu, fitri istedadı haqqında ətraflı məlumat verib.

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov qəhrəmanın xatirəsini yad etdiklərinə görə muzey rəhbərliyinə və qonaqlara öz təşəkkürünü bildirib.

O, M.Hüseynzadənin uşaqlıq illərindən, ailəsinin və partizan yoldaşlarının xatirələrindən danışıb.

Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev isə gəncləri hərb tariximizi, hərbi-vətənpərvərlik işlərini daha dərindən öyrənməyə dəvət edib.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərb tarixi üzrə professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev isə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərən M.Hüseynzadə kimi azərbaycanlı partizanların adının yaşadılmasında 1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsində çalışan Heydər Əliyevin misilsiz xidmətləri haqqında çıxış etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti