Bakı. Trend:
Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin təşkilatçılığı ilə “Tərcümə problemləri” mövzusunda respublika elmi–praktik konfransının açılışı keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan ADU-nun rektoru akademik Kamal Abdulla iştirakçıları salamlayıb və konfransın vacibliyindən söz açıb.
Rektor həm bədii əsərlərin, həm də elmi əsərlərin tərcüməsi ilə bağlı çox aktual və rəngarəng mövzulu yanaşmaların olduğunu diqqətə çatdırıb: “Ortada iki mədəniyyətin, müxtəlif xalqın və müxtəlif dünyagörüşün məhsulu varsa, onların bir-birinə təsiri maraqlıdır və burda bir çox vacib multikultural nəticələr də çıxarmaq mümkündür. Mədəniyyətlər bir-birinə necə sirayət edir, mədəniyyətlər bir-birilə hansı tənasübdə ünsiyyət bağlayır və s. Çünki sizin araşdırdığınız bütün problemlərin arxasında əlbəttə ki, mədəniyyətlərin, sivilizasiyaların bir-birilə münasibəti və əlaqəsi durur. Həmin əlaqələrin və münasibətlərin öyrənilməsində tərcümə problemlərinə həsr olunan bu konfransın əhəmiyyəti böyükdür”.
Universitet rəhbəri Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edən və son dərəcə unikal bir əsər sayılan “Azərbaycan tərcümə ensiklopediyası” kitabı haqqında iştirakçılara məlumat verib.
Kamal Abdulla qeyd edib ki, son zamanlar Azərbaycan universitetləri daha çox xarici universitetlərlə əlaqəyə yer verirlər: “Azərbaycan universitetləri ilə əlaqə vardır, ancaq onları rəsmiləşdirməyə ehtiyac duymayıblar və bu boşluğu da doldurmaq vacibdir. Universitetlər arasında əlaqələrin rəsmiləşdirilməsi və bu rəsmilikdən irəli gələn müxtəlif ciddi addımların atılması son dərəcə vacibdir”.
Akademik konfransın vacibliyini bir daha vurğulayaraq bildirib ki, bu konfransın təkcə Tərcümə fakültəsinin deyil, digər fakültələrin də həyatında böyük əhəmiyyəti vardır. O, tərcümə işi, tərcümə mədəniyyəti və fəaliyyətinin təkcə Tərcümə fakültəsinə deyil, həmçinin Filologiya və jurnalistika, Təhsil, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinə də aid ola bilən bir məqam olduğunu sözlərinə əlavə edib.
Çıxışının sonunda Kamal Abdulla konfrans iştirakçılarına uğurlar arzulayıb.
Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova konfransın işi haqqında məlumat verib.
Sonra plenar məruzələr dinlənilib. Gürcüstan Texniki Universitetin müəllimi Latariya Aleksandra Şaxiyevna “Oсобенности грузино-китайского перевода и существующие проблемы”, Xəzər Universitetinin müəllimi İlham Tağıyev “Three “C” in a Boat to Say Nothing if the “L”, Bakı Dövlət Universitetinin müəllimi Leyla Abbasova isə “Müasir dövrdə uşaq bədii tərcümə ədəbiyyatının nəşri problemləri” mövzusunda məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, konfrans “Sahələr üzrə tərcümə”, “Tərcümədə İKT-dən istifadə yolları”, “Bədii tərcümənin problemləri” və “Tərcümənin tədrisi” adlı 4 bölmə üzrə işini davam etdirir.