Bakı. Trend:
Bakı Ağ Şəhərin qərbində yerləşən 28 ha kvartalının şəhərsalma layihələndirilməsi başa çatıb.
Trend-in məlumatına görə, Bakı Ağ Şəhər layihəsinin qərb hissəsində yerləşən Nobel prospekti, N.Rəfiyev küçəsi, Babək prospekti və X.Rüstəmov küçəsini əhatə edən ərazinin infrastruktur çatışmazlığı, hündürlük səviyyəsinin kəskin dəyişməsi, dalanlar, parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirmişdi.
Bakı Şəhər İcra Hakimiyyətinin 10 yanvar 2018-ci il tarixli 8 saylı sərəncamı çərçivəsində ötən il 28 hektar sahəsi olan bu ərazinin Ağ Şəhərin Baş Planına uyğun olaraq layihələndirilməsi qərarı verilib. Layihələndirmə çərçivəsində xaotik tikintili və infrastrukturu olmayan yeni ərazinin texniki inventarlaşdırılması aparılıb, inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu müəyyən edilib, Ağ Şəhər Baş Planına əsasən şəhərsalma layihələndirilməsi başa çatıb.
Ərazi daxilində layihələndirilən yeni yol şəbəkəsinin Babək və Nobel prospektlərinə rahat çıxışı, yolayrıcıları və piyada keçidləri modelləşdirilib. Kvartalın tikintialtı sahələrə və landşaft zonalarına bölgüsü aparılıb, sahələrin təyinatı, tikinti sıxlığı, hündürlük siyasəti müəyyənləşdirilib və müfaviq razılaşmalar üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.