...

Türkiyədəki azərbaycanlı həkimlər Azərbaycanın koronavirusla bağlı xəstəxanalarında fəaliyyət göstərəcəklər

Cəmiyyət Materials 14 Aprel 2020 13:55 (UTC +04:00)
Türkiyədən ölkəmizə gələcək azərbaycanlı həkimlər heyəti qruplara bölünərək müəyyən pandemiya xəstəxanalarında fəaliyyət göstərəcəklər.
Türkiyədəki azərbaycanlı həkimlər Azərbaycanın koronavirusla bağlı xəstəxanalarında fəaliyyət göstərəcəklər

Bakı. İlhamə İsabalayeva – Trend:

Türkiyədəki azərbaycanlı həkimlər Azərbaycanın koronavirusla bağlı xəstəxanalarında fəaliyyət göstərəcəklər.

Bunu Trend-ə Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyi İdarə Heyətinin sədri, Ankara şəhər Xəstəxanasının həkimi, ürək-damar cərrahı Fərid Qasımzadə deyib.

Onun sözlərinə görə, həkimlər ölkəmizə Ümumdünya Səhiyyə Təşkilatının (WHO) Azərbaycandakı nümayəndəliyi, Türkiyənin Ege Univeristeti Xəstəxanası və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə həyata keçirdiyi layihə çərçivəsində səfər edirlər. Layihənin əsas məqsədi Türkiyədə fəaliyyət göstərən azərbaycanlı həkimlərin ölkəmizdəki tibb işçilərinə koronavirusa qarşı mübarizə işində dəstək göstərməkdir.

F.Qasımzadə qeyd edib ki, lahiyədə iştirak etmək üçün Türkiyədə tibbi təhsil alan və hazırda orada fəaliyyət göstərən 60-dan çox azərbaycanlı həkim müraciət edib.

Seçim Şurası tərəfindən ehtiyac duyulan ixtisaslar- daxili xəstəliklər, anestoziologiya, ağciyər, infeksion xəstəliklər üzrə 19 azərbaycanlı həkim seçilərək onların ölkəmizə göndərilməsi barədə qərar verilib.

F.Qasımzadə əlavə edib ki, həmin həkimlər Ege Universiteti Xəstəxanasında ÜST-nin pandemiya ilə mübarizə protokolları üzrə 10 günlük təlimlərdə iştirak ediblər. Bu həkimlər ölkəmizdəki pandemiya xəstəxanalarında çalışan həmkarlarına xəstələrin müalicəsi üçün ən müasir protokolların tətbiqinə kömək edəcəklər.

Qeyd edək ki, Azərbaycan Həkimlər Dərnəyi 2014-cü ildə Türkiyədəki azərbaycanlı həkimlər və tibbi təhsil alan tələbələr tərəfindən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti