Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda çimərliklərlə bağlı qaydalar hazırlanır və bunun üçün komissiya yaradılıb.
Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
E.Əzizov bildirib ki, çimərliklərdə də sosial məsafə saxlamaq vacib məsələdir: “Ola bilər ki, bəzi çimərliklərdə sıxlıq yaransın və ona görə də elektron sistemin yaradılması təklif edilir. Yəni vətəndaş evdən çıxmazdan əvvəl çimərlikdə yerini sifariş edə biləcək. Təkliflər var, hazırlıqlar gedir. Qaydalar hazır olduqdan sonra ictimaiyyətə çatdırılacaq”.
E.Əzizov əlavə edib ki, çimərliklərə nəzarət üçün elektron mexanizm də hazırlanır: “Bəzən görürsən ki, 100 nəfərlik çimərliyə çoxlu sayda insan gəlir. Buna yol vermək olmaz, biz qaydalara əməl etməliyik və bunun üçün də elektron mexanizm hazırlanır”.