...

ADA Universitetinin prorektoru “British Council Ali Təhsil Dialoqu” seriyası çərçivəsində keçiriləcək vebinarda çıxış edəcək

Cəmiyyət Materials 16 İyun 2020 13:59 (UTC +04:00)
ADA Universitetinin prorektoru “British Council Ali Təhsil Dialoqu” seriyası çərçivəsində keçiriləcək vebinarda çıxış edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda Ali Təhsil Müəssisələrinin rəqabət qabiliyyətinin artırılması təşəbbüsünə dəstək olaraq British Council Ali Təhsil Dialoqu seriyası çərçivəsində keçiriləcək vebinarda ADA Universitetinin akademik işlər üzrə prorektoru Dr. Vəfa Kazdal çıxış edəcək.

Universitetdən Trend-ə verilən məlumata görə, 17 iyun 2020-ci il tarixində Bakı vaxtı ilə saat 17.00-da keçiriləcək vebinar keyfiyyətli təhsil və zəngin mədəni təcrübəyə malik olan Böyük Britaniya universitetləri ilə tərəfdaşlığın yaradılmasına istiqamətlənib.

Vebinar sessiyası zamanı ADA Universitetinin akademik işlər üzrə prorektoru ilə yanaşı, bu yaxınlarda Birləşmiş Krallığın Beynəlxalq Təhsil Çempionu təyin edilən, Exeter Universitetinin vitse-kansleri və baş icraçı direktoru Professor Stiv Smis, Birləşmiş Krallığın digər ali təhsil mütəxəssisləri: Mançester Metropolitan Universitetinin beynəlxalq işlər üzrə prorektoru Professor Cenifer Votlinq, Şimali Konsorsiumun (NCUK) baş icraçı direktoru Professor Con Brever çıxış edərək COVID-19 pandemiyasının ali təhsil sektoruna təsiri və bu çərçivədə transmilli təhsilin gələcəyini müzakirə edəcəklər.

Qeyd edək ki, sözügedən nüfuzlu onlayn tədbirdə çatdırılma modellərinin sürətli çevrilməsi çərçivəsində ali təhsilin müxtəlif proqram və platformalarla, o cümlədən distant təhsil proqramları, tədris tərəfdaşlığı və getdikcə daha çox MOOC (kütləvi açıq onlayn kurslar) yolu ilə tədrisi məsələləri müzakirə ediləcək. Bununla yanaşı, bu təhsil növünün yeni coğrafi ərazilərə yayılması və mövcud böhranın distant təhsil tələblərinə təsirləri, distant təhsil siyasəti, akreditasiya və onlayn universitet proqramlarının və dərəcələrinin tanınması, eləcə də transmilli təhsilin gələcəyi ilə bağlı məlumat da veriləcək.

“Azərbaycan ümumdünya transmilli təhsilin fəal iştirakçısıdır”, - deyən “British Council”ın Azərbaycandakı direktoru cənab Samr Şah tədbirdən öncə qeyd etmişdir:

“Biz, Azərbaycanın dünyanın digər universitetləri ilə ikili diplom proqramlarının qurulmasında fəal iştirak etdiyini görməkdən çox məmnunuq. British Council olaraq Azərbaycan universitetlərinin strateji transmilli təhsil ambisiyalarını dəstəkləməkdə maraqlıyıq və azərbaycanlı tələbələrin hər iki ölkədən ən yaxşısını əldə etmələri üçün İngiltərə ilə daha çox proqram tərtib etmək və bununla da təhsil sisteminə töhfəmizi vermək niyyətindəyik”.

Böyük Britaniyanın Bakıdakı səfiri cənab Ceyms Şarp də öz şərhində bildirmişdir:

“Dünyanın aparıcı transmilli təhsil təminatçısı kimi Böyük Britaniya Azərbaycanla daha çox əlaqələr qurmaqda maraqlıdır. Bir çox Böyük Britaniya ali təhsil müəssisələri xaricdə yerli tərəfdaşlar, təhsil institutu filialları və onlayn platformalar vasitəsilə kurslar təklif edirlər. British Council ilə birlikdə Birləşmiş Krallığın təklif edə biləcəyi yüksək səviyyəli təhsildən faydalanmaq üçün azərbaycanlı tələbələr üçün daha çox imkanlar yaratmaq istəyirik”.

Qeyd edək ki, British Council Birləşmiş Krallığın mədəni əlaqələr və təhsil imkanları üzrə beynəlxalq təşkilatıdır. British Council 100-dən çox ölkə ilə incəsənət və mədəniyyət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq edir.

Sessiyada iştirak etmək istəyən iştirakçılar “British Council”ın veb saytında qeydiyyatdan keçə bilərlər:

https://www.britishcouncil.az/en/events/he-dialogue-session

Tədbirlə bağlı ətraflı məlumat “British Council”ın qlobal saytında mövcuddur:

https://www.britishcouncil.org/going-global/live-events/transnational-education

Məqalədə:
Xəbər lenti

Xəbər lenti