Bakı. Trend:
12.08.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Əzizli və Xaspoladoba kəndlərində su təsərrüfatının vəziyyəti ilə tanış olub.
İH-dən Trend-ə verilən məlumata görə, Əzizli kəndində sakinlərin istəyi nəzərə alınaraq Müşkür İƏD üzrə nümayəndəliyi və Xaspoladoba bələdiyyəsi tərəfindən kənd əhalisinin içməli suya olan tələbatını ödəmək üçün yeni artesian quyusu qazılır. Artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcəkdir.
Elnur Rzayev qeyd edib ki, Xaçmaz rayonun İnzibati Ərazi Dairə üzrə nümayəndəlikləri və bələdiyyələrin tərkibində bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək xüsusi qruplar formalaşdırılmışdır. Formalaşdırılan qruplar həm bələdiyyələrin gəlirinə, həmçinin gəlirlərin istifadəsinə ictimai nəzarəti həyata keçirəcəkdir. Yeni istifadəyə verilən artezian quyusu məhz bu təşəbbüsün nəticəsində ərsəyə gəlmişdir. İcra başçısı qeyd edib ki, növbəti mərhələlərdə də əhalinin suya olan tələbatının ödənilməsi üçün yeni quyuların qazılması nəzərdə tutulur.
Daha sonra rayon rəhbəri Xaspoladoba kəndində su probleminin həll edilməsi üçün mövcud sututarının yenidən bərpası məqsədilə həmin kəndə gedərək, vəziyyətlə tanış olmuşdur. Kənddə yerləşən iri həcmli sututarının yenidən bərpası yerli fermerlərin suvarma suyuna əlçatanlığını artıracaq və onlarla hektar əkin sahəsinin su ilə təminatı yaxşılaşdıracaqdır.