Bakı. Trend:
İspaniyanın paytaxtında güclü qar yağması səbəbi ilə fəaliyyəti yanvarın 8-dən iflic olan Madrid-Baraxas beynəlxalq hava limanı işini qismən bərpa etməyə hazırlaşır.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat, mobillik və şəhər gündəmi naziri Xose Luis Abalos mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hava limanının iki uçuş zolağının təmizlənməsi üçün işlər aparılıb. "İndi təyyarələr Baraxasdan qalxa bilər. Tam açılış tədricən olacaq" - Abalos deyib.
Bununla birgə, Krallığın Daxili İşlər Naziri Fernando Qrande Marlaska bildirib ki, pis hava şəraitinə baxmayaraq, yeni növ koronavirusa qarşı peyvənd dozalarının bazar ertəsi günü İspaniyaya çatdırılacaq.
İspaniya Dövlət Meteoroloji Agentliyi 7 yanvar tarixindən etibarən qar yağması, soyuq hava və küləklə bağlı bir çox bölgədə həyəcan elan edib. Qar örtüyünün hündürlüyünün 50 sm-dən çox olduğu Madridə ciddi ziyan dəyib. Hazırda paytaxtda qar yağması dayanıb, lakin bu gündən etibarən şəhərdə soyuq hava gözlənilir. İspaniyada son günlərdəki hava durumu ən azı dörd nəfərin ölümünə səbəb olub..