Bakı. Çingiz Səfərli - Trend:
Koronavirus əleyhinə Türkiyənin istehsal etdiyi "TURKOVAC" vaksininin üçüncü mərhələ sınaqlarının ölkə xaricində aparılması istiqamətində fəaliyyət sürətlə davam edir.
Trend-in məlumatına görə, bunu Türkiyə Sağlamlıq İnstitutlarının (TÜSEB) sədri Erhan Akdoğan tvitter hesabında yazıb.
E.Akdoğan bildirib ki, dost və qardaş ölkə Azərbaycanla da bu istiqamətdə danışıqlar davam etdirilir.
Qeyd edək ki, Türkiyənin koronavirusa qarşı ilk yerli vaksini olan "TURKOVAC"ın bundan öncəki iki mərhələ sınaqları müvəffəqiyyətlə tamamlanıb. Üçüncü mərhələ sınaqlarına isə iyunun 22-dən başlanılıb. Bu çərçivədə könüllü 40 min 800 nəfərin vaksinasiyası nəzərdə tutulur. Vaksinin üçüncü mərhələ sınaqlarının payıza qədər yekunlaşdırılıb, kütləvi vaksinasiyaya başlanılması planlaşdırılır.