...

“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Dekabr 2021 20:30 (UTC +04:00)
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi, Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları (ƏTİ) İttifaqı, Finlandiya Xarici İşlər Nazirliyinin maliyə dəstəyi ilə “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib.

Əlilliyi olan şəxslər üçün bərabər məşğulluq imkanlarının və işəgötürən təşkilatlarda onlar üçün inklüziv iş mühitinin yaradılmasını təşviq edən tədbirdə müxtəlif qurumların, o cümlədən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
İlk olaraq Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli layihə çərçivəsində görülən işlər barədə məlumat verib.

Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev əlilliyi olan şəxslərin məşğulluğunun təminatı məqsədilə icra olunan proqramlar, bu sahədə mövcud olan problemlər və onların həll yolları mövzusunda çıxış edib. Bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası bütün dünyada hökumətlərin və cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdəndir. Əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Bu sahədə aparılan işlərin davamı kimi 2021-ci ilin 9 ayında 2646 nəfər əlilliyi olan şəxs işlə təmin olunub. Özünüməşğulluq proqramının, həmçinin, ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi də əlilliyi olan şəxslərdir. Belə ki, bu il özünüməşğulluq proqramı üzrə 1200ə yaxın əlilliyi olan şəxs üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır.

Konfransda, həmçinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov sahibkarların (İşəgötürənlərin) əlilliyi olan şəxslərin məşğulluğunun təminatında rolu və məsuliyyəti mövzusunda çıxış edib. Daha sonra isə əlilliyi olan şəxslərin məşğulluğunun qanunvericilik təminatları, əlilliyi olan şəxslərin məşğulluq hüquqları, BMT-nin Azərbaycanda olan nümayəndəliklərinin əlillik sahəsində həyata keçirdikləri layihələr və hədəflər, kimi mövzular ətrafında müzakirələr aparılıb, əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgiyə baxış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti