...

Fətəli xan Xoyski prospektinin daha bir hissəsi təmir edilir (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Sentyabr 2022 12:30 (UTC +04:00)
Fətəli xan Xoyski prospektinin daha bir hissəsi təmir edilir (FOTO/VİDEO)

Bakı. Trend:

Fətəli xan Xoyski prospektinin daha bir hissəsi təmir edilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq yalnız gecə saatlarında və həftəsonları icra olunacaq. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri icra olunur. Yaxın günlərdə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Ümumilikdə təmir işlərinin icra olunduğu hissənin uzunluğu 300 metr, sahəsi isə 5600 kv.m-ə yaxındır.

Adıçəkilən hissədə asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılacaq.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunur.

Təmir işləri icra olunan müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və faziləsizliyi təmin olunacaq.

Aparılan təmir işləri bitəndən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospektin sözügedən hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Növbəti mərhələlərdə prospektin digər hissələrinin də təmiri nəzərdə tutulur.

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti