...

Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkalarının keçiriləcəyi vaxt məlum olub

Cəmiyyət Materials 30 Noyabr 2022 14:23 (UTC +04:00)
Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkalarının keçiriləcəyi vaxt məlum olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

3-4 dekabr tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək. Yarmarkalarda yerli kənd təsərrüfatı və qida məhsulları birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
Budəfəki “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 40-dan artıq regiondan 80-ə yaxın fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yaxınlığı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Məqalədə:
Xəbər lenti

Xəbər lenti